ADU-da “Çin kağız sənəti” mövzusunda mühazirə keçirilib

 12:41 19.02.2024     571

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin dekorativ, tətbiqi və xalq sənəti” mövzusunda keçirilmiş ​​onlayn lektoriya çərçivəsində “Çin kağız sənəti” adlı mühazirə ilə çıxış edib.

R. Abbasov Çində kağız istehsalının yaranma tarixindən və texnologiyasından danışaraq qeyd edib ki, Çində kağız ənənəvi olaraq, təkcə Çin rəssamlığı və xəttatlığı üçün deyil, həm də xalq sənəti və sənətkarlığı üçün material kimi istifadə olunub.

Çində kağızdan naxışların kəsilməsi-zjanzhi sənəti ilə yanaşı, kağız sənətinin başqa bir növü olan yanzhi - spiral şəklində bükülmüş uzun, ensiz və çoxrəngli kağız zolaqlardan düz və ya üçölçülü kompozisiyalar yaratmaq texnikası da geniş yayılıb.

Lotus və xrizantema, durna və maral, əjdaha və atəşfəşanlıq kimi əsərlər təkcə bəzək deyil, həm də Çin adət-ənənələrinə görə sərvət, xoşbəxtlik, sağlamlıq və biznesdə uğurun insanın həyatına cəlb edilməsinin simvoludur.

R. Abbasov çıxışında yanzhı texnikası və elementlərinin kateqoriyaları, müxtəlif teksturalı, parlaq kağız növlərindən və xüsusi alətlərdən istifadənin xüsusiyyətlərinə də diqqət yetirib.

Daha sonra kağız çiçəklərdən canlı və real kağız məmulatlarının hazırlanması üzrə master-klass keçirilib.

2