Qahirədə Azərbaycanın tanıtımı ilə bağlı tədbir təşkil olunub

 18:04 19.02.2024     612

Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti  tərəfindən Azərbaycanın tanıtımı məqsədilə tədbir təşkil olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən Cəmiyyət sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaqlara Misirlə Azərbaycan arasında mövcud mədəni əlaqələrin tarixi barədə məlumat verib. Sonra əl-Əzhər Universitetinin azərbaycanlı tələbələri Şeyxəli Nəsirov və Rahidə Nəsirli Azərbaycan haqqında hazırladıqları təqdimatla çıxış ediblər.

Təqdimat zamanı qeyd edilib ki, müxtəlif sivilizasiyaların qovşağı sayılan Azərbaycanda  əsrlər boyu milli-mədəni rəngarənglik mühiti mövcud olub, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıb. Tədbir iştirakçılarına Azərbaycanın dövlət atributları, milli valyutası, ərazisi, həmçinin ölkəmizin güclü iqtisadiyyatı, zəngin yeraltı və yerüstü sərvətləri, təbiəti, tarixi abidələri, dünyaca məşhur müasir tikililəri, mətbəxi, qədim adət-ənənələri, milli rəqsləri, geyimləri və  xalçaçılıq sənəti barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Azərbaycanın müxtəlif regionlarının təbii-coğrafi şəraiti, zəngin flora və faunası, qədim mədəniyyət beşiyi sayılan Şuşa şəhəri, Azərbaycanın dünyaca məhşur yazıçıları, alimləri, görkəmli siyasətçiləri haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Misir-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan misirli general Midhət Camal tədbir təşkilatçılarını bu gözəl diyarı - Azərbaycanı ziyarət etməyə dəvət edib.

Yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, 10 xarici ölkənin təmsilçilərinin iştirak etdiyi tədbirin sonunda  qonaqlara milli Azərbaycan şirniyyatları təqdim olunub.