“21-ci möcüzə” filminin premyerası oldu

 14:37 23.02.2024     1012

Rejissor Şahin Qəhrəman dram janrında çəkdiyi "21-ci möcüzə" filmini ictimaiyyətə təqdim edib.

Redaktor.az xəbər verir ki, 12 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan filmin təqdimatı Park Cinema "Flame Towers"da baş tutdu. 

Gecədə filmin yaradıcı heyəti, sənət adamları, tanınmış simalar iştirak ediblər.

Ekran əsərinin rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Elçin Muradov, operatoru Şahmar Səfəroğlu, rəssamı Vüqar Qurbanov, bəstəkarı Rüstəm Zeynallı, filmin direktoru Sain Qəhrəman, baş prodüseri Ələsgər Mehdiyevdir.

20-dən çox aktyorun, rejissorun, texniki heyətin böyük zəhməti bahasına ərsəyə gələn  "21-ci möcüzə"  tamaşaçılar tərəfindən çox bəyənilib.

Film tamaşaçı marağının çox olması ilə əlaqədar fevralın 22-dənetibarən Park Cinemanın bütün filiallarında nümayiş olunur.

Nicat Mehdiyev, İbrahim Çingiz və Kəmalə Piriyevanın çəkildyi filmdə Nicat Mehdiyev, İbrahim Çingiz və Kəmalə Piriyevanın baş rolda çəkildiyi filmdə Elman Rəfiyev, Məhəmməd Verdiyev,  Fidan Axundova, Kamil Heybətov, Ülviyyə Rza, Toğrul Rza və Məryəm Hüseynova da yer alıb.

"21-ci möcüzə" filmi sosial layihədir, daun sindromlu bir uşaqdan bəhs edir.

Fərid (Nicat Mehdi) və Ramal (İbrahim Çingiz) Bakı küçələrində böyüyən kimsəsiz gənclərdir. Ramal Fəridin saflığından istifadə edib, işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Günlərin birində varlı ailədən olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan (Kəmalə Piriyeva) dərdini bu gənclərə danışır. Fərid isə bu dərdə çarə tapır. Belə ki, plana görə Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır.

Filmin rejissoru Şahin Qəhrəman bildirib ki, filmlə cəmiyyətə çox vacib mesajı çatdırmaq istəyir:

"Filmdə daun sindromlu bir uşağın hekayəsi danışılır. Ətrafımızda bu cür uşaqlar çoxdur. Bu filmlə biz o uşaqlara, o uşaqların valideynlərinə dəstək olmaq, onlara motivasiya vermək istəyirik. Bilsinlər ki, onlar tək deyillər".

Sultan AYXAN

22