Türkiyədə Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab işıq üzü görüb

 14:32 06.03.2024     728

Türkiyədə Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığından bəhs edən “Psikanalitik, Arketipsel ve Postmodern Göstergeler Çerçevesinde Kamal Abdulla'nın Romanları” adlı yeni kitab işıq üzü görüb.

Redaktor.az xəbər verir ki, kitab Türkiyənin Hacı Bayram Vəli Universitetinin Çağdaş Türk Dialektləri və Ədəbiyyatı Bölməsinin professoru Figen Güner Dilekin rəhbərliyi ilə Fatih Kəskin tərəfindən yazılmış “Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə” adlı doktorluq dissertasiyasının yenidən təşkili ilə ərsəyə gəlib.

Kitabın müəllifi Fatih Kəskin çağdaş ədəbi-nəzəri fikrə, sufizm, buddizm, freydizm, yunqçuluq və s. kimi təlimlərə, ən başlıcası isə özünün söz və sənət duyumuna arxalanıb sistemli şəkildə Kamal Abdulla romanlarındakı incəliklərə varır və inandırıcı fikirlər irəli sürür.

Müxtəlif elektron kitab satışı saytlarında oxucuların ixtiyarına verilən yeni nəşr akademik Muxtar İmanovun bu fikirləri ilə təqdim olunub:

“Kamal Abdullanın romanları (bütövlükdə bədii yaradıcılığı) oxucunu müxtəlif cavablı suallar qarşısında qoyur və oxucu düşüncəsini hərəkətə gətirir. Mütləq həqiqətdən qaçıb “çoxhəqiqətlilik” səhnələrini qələmə alan yazıçı imkan yaradır ki, bu səhnələrdə oxucu öz həqiqətini və yaxud həqiqətlərini tapa bilsin. Fatih Kəskin sıravi oxucu yox, ciddi araşdırmalar aparan oxucudur.

Fatih Kəskinin böyük zəhmət və istedad bahasına ərsəyə gəlmiş Kamal Abdulla romanlarında struktur, mövzu və ideya istiqamətləri əsaslı monoqrafiyasının ədəbi camiədə maraqla qarşılanacağı şəksiz-şübhəsizdir”.

Fatih Keskin isə qeyd edib ki, əsərləri sürətlə müxtəlif dünya dillərinə tərcümə olunan Kamal Abdulla həm türk mədəniyyətinin dərin qatlarını, həm də çağdaş ədəbi istiqamətləri əsərlərinə uğurla tətbiq edib. Belə ki, Kamal Abdulla Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqilliyini qazanmasıyla birlikdə postmodernizmə meyillənən çağdaş Azərbaycan ədəbiyyatının getdiyi istiqamətin müəyyənləşməsində örnək göstəriləcək müəllifdir. Bu araşdırmada Kamal Abdullanın roman janrındakı əsərlərinin tədqiqata cəlb olunmasının əsas səbəblərindən biri onun romanlarının təhlil edilməsi ilə Azərbaycan ədəbiyyatının hal-hazırkı inkişaf mərhələsiylə bağlı vacib qənaətlər hasil etməyin mümkünlüyüdür. Bununla yanaşı, Kamal Abdulla ilə bağlı olan bu araşdırmanın bir məqsədi də gələcəkdə Azərbaycan ədəbiyyatının inkişafı haqqında tədqiqatlar aparacaq ədəbiyyat tarixçilərinə elmi meyarlar daxilində bəzi əsas məlumatları təqdim etməkdir.

Alim daha sonra bildirib ki, tədqiq edilən mətnlərin reseptiv estetikaya və multidisiplinar metoda əsasən yazıldığını nəzərə alaraq, araşdırmadakı təhlillərdə ənənəvi analiz metodları ilə yanaşı, postmodern nəzəriyyəyə də müraciət edilib. Bundan başqa romanların dərindən təhlil edilməsi və mətn içindəki semiotik işarələrin daha açıq şəkildə anlaşılması üçün ədəbiyyatdan başqa psixologiya, sosiologiya, fəlsəfə, fenomenologiya, semiotika, mifologiya, teologiya və tarix kimi müxtəlif sahələrin metodlarından da istifadə edilib.

Qeyd edək ki, kitab Kutlu Yayınevində, Akademik Bilim yayınlarında nəşr olunub.