Mehriban Əliyeva Saida Mirziyoyeva ilə AÇILIŞDA

 10:58 18.03.2024     731

Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb.

Redaktor.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Özbəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla təşkil olunduğunu xatırladıb.

Bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu qeyd edən Anar Ələkbərov deyib: “Heydər Əliyev Mərkəzi hazırda beynəlxalq konfransların, sərgilərin keçirilməsi üçün platformaya çevrilib. Bu tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildirmək istərdik. Bu gün biz Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevanın və Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondunun sayəsində Heydər Əliyev Mərkəzində Özbəkistana həsr olunan birinci tədbiri keçiririk. Dünən “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı oldu. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan rəqsdir. Bildiyiniz kimi, gələn həftə Novruz bayramıdır. Bu bayram günlərində ziyarətçilərimiz həm bu gün açılan sərgi, həm də bu sərgi ərəfəsində Mərkəzdə Daniel Vürtzelin nümayiş etdirilən “Hava fontanı” instalyasiyası ilə tanış ola biləcəklər”.

Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva tədbirdə çıxış edərək Azərbaycanda olmaqdan və bu sərginin təşkilindən məmnunluğunu ifadə edib: “Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı böyük sərgi açılır. Bu sərgi təkcə dekorativ-tətbiqi sənət kolleksiyasını nümayiş etdirmir, həm də Özbəkistanın mədəni irsinin zəngin müxtəlifliyinin canlı şahidi, onun tarixi dərinliyinin və mədəni təkamülünün təcəssümüdür”.

Özbəkistan ilə Azərbaycan arasında bənzərsiz tarixi əlaqələrin mövcudluğunu qeyd edən Saida Mirziyoyeva vurğulayıb: “Hər iki dövlət çoxəsrlik tarixə və zəngin mədəni ənənələrə malikdir. Özbəkistanı və Azərbaycanı tarixdə, mədəniyyətdə və ənənələrdə çoxsaylı ortaq məqamlar birləşdirir. Hər iki xalq qonaqpərvərliyi, zəngin milli mətbəxi və tikmə, ağac üzərində oyma, keramika kimi nadir xalq sənəti irsinə sahibdir. Qoy bu böyük tədbir xalqlarımız arasında daha bir körpüyə, gözəllik və harmoniya ilə bağlı ortaq səylərimizin sübutuna çevrilsin”.

Çıxışlardan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” və “Kukla incəsənətdə” sərgiləri ilə tanış olublar.

Qeyd edək ki, xalça kolleksiyası səkkiz il ərzində ərsəyə gəlib. Qədim sənətə yeni nəfəs verən sərginin kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva”, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri bənzərsiz sənət nümunələri böyük maraqla qarşılanıb. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsilə ziyarətçilərə öz mesajlarını çatdırır.

“Kukla incəsənətdə” sərgisində isə 200-dən çox kukla nümayiş etdirilir. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.

Daha sonra Mehriban Əliyeva və Saida Mirziyoyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisinin rəmzi açılışını bildirən lenti kəsiblər və ekspozisiya ilə tanış olublar.

Məlumat verilib ki, Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 140-dan çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir. Dost ölkənin mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunan ekspozisiya XIX-XX əsrlərdə Özbəkistana xas sənətkarlığın dirçəlişini əks etdirir. Buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub.

“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi bir neçə bölmədən ibarətdir: kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdə əl ilə işlənmiş, əsasən gül və ulduz motivlərinin üstünlük təşkil etdiyi dekorativ tekstil - suzani nümunələrinin nümayiş olunduğu tikmə bölməsi, Səmərqənd, Buxara və Qaraqalpaqstandan olan qədim ustaların gümüşdən, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölməsi.

Tədbirdə Özbəkistanın milli musiqisi səsləndirilib.

Bakı sakinləri və paytaxtımızın qonaqları Heydər Əliyev Mərkəzində sərgi ilə iyulun 1-dək tanış ola bilərlər.