Kuklaçılar bayramı başlayır

 11:35 17.04.2024     462

Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirəcək növbəti sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı öz işinə başlayır.

Redaktor.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası və TİKA-nın dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

22 aprel – 2 may 2024-cü il tarixlərini əhatə edəcək ənənəvi beynəlxalq festivalın açılışı aprelin 22-də Türkiyənin paytaxtı  Ankara şəhərində olacaq.

Belə ki,  22-26 aprel tarixlərində Ankaranın müxtəlif teatr və sənət mərkəzlərində Azərbaycan da daxil olmaqla qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar edəcəklər.

Tədbirə Azərbaycanla yanaşı Almaniya və İtaliyadan kukla teatrları, eləcə də dünyanın müxtəlif ölkələrində kukla və uşaq teatrları sənətçiləri qatılacaqlar.

Festival marafonu 27-28  apreldə İstanbulda davam edəcək. Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri hər iki şəhərdə çıxışlar edəcəklər. Yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunə - “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbayxan xalq nağılı) kukla tamaşaları ilə çıxış edəcəklər.

Proqramın son dayanacağı isə Azərbaycan – Bakı şəhəri olacaq. Beləcə Türkiyə kuklaçıları Azərbaycan Dövlət Kukla Teatrı səhnəsində  çıxışlar edəcəklər.

29 aprel – 2 may günlərinə təsadüf edəcək səfər çərçivəsində festival proqramına daxil olan tamaşalar bakılı teatrsevərlərin ixtiyarına veriləcək.

Türkiyə teatr təmsilçiləri tamaşaçılar üçün maraqlı olacaq kukla teatr sərgisi və kuklaların hazırlanma prosesini ehtiva edən seminar-təqdimatları da nəzərdə tutublar.