Orxan Fikrətoğlunun “Kinocizgilər”nin təqdimatı keçirildi - VİDEO

 19:27 23.04.2024     610

Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində çağdaş Azərbaycan nəsrinin tanınmış simalarından olan, yazıçı, kinodramaturq, Əməkdar İncəsənət xadimi, mədəniyyət nazirinin müşaviri, Azərbaycan Respublikası Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlunun "Kinocizgilər" kitabının təqdimat mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Milli Məclisin deputatlarından Xalq şairi Sabir Rüstəmxanlı, Hikmət Babaoğlu, Cavanşir Feyziyev, Yazıçılar İttifaqının katibləri Rəşad Məcid, Səlim Babullağlu və bir çox tanınmış şəxslərin iştirak etdiyi tədbiri açan AYB-nin katibi İlqar Fəhmi O.Fikrətoğlunun yaradıcılığından danışaraq onun Azərbaycan ədəbiyyatında özünəxməsus üslubundan, müasirliklə milliliyin vəhdətindən yaratdığı harmoniyadan bəhs etdi.

Müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışan yazıçının ssenariləri və yazı manerası barədə söz açan İlqar Fəhmi Orxan Fikrətoğlunun atası, unudulmaz şair, publisist, tərcüməçi Fikrət Sadıqın irsindən bəhrələnərək özünəməxsus yaradıcılıq yolu seçdiyini dedi.

Tədbirdə söz alan Xalq Şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının O.Fikrətoğlunu gənc yaşlarından tanıdığını, onun yeni-yeni kitablarını izlədiyi üçün yaradıcılıq imkanlarını yüksək qiymətləndirdiyini qeyd etdi.

Daha sonra kitabın redaktoru Varis Yolçuyev çıxış edərək kitabda cəmləşən ssenarilərin mütləq mavi ekrana köçürülməsinin vacibliyini bildirdi.

Çıxışlardan sonra yazıçının rejissor kimi kinoda ilk işi, 2005-ci ildə lentə alınan “Ərazi” filmi nümayiş olundu.

Sonda müəllif kitabı qonaqlar üçün imzaladı.

Qeyd edək ki, 500 səhifəlik kitabda O.Fikrətoğlunun son illərdə yazdığı və Türkiyədə çəkilib ekranlara çıxan ssenariləri cəmlənib. Sözü gedən kitabda həmçinin kinodramaturqun Seyid Yəhya Bakuvi,Nəsrəddin Tusi barədə  sənədli filmlərin də ssenariləri də daxil edilib.

Elm və Təhsil" Nəşriyyatında üşıq üzü görən bu kitab milli kinematoqrafiyamızın təbliğatı baxımından Orxan Fikrətoğlu tərəfindən atılmış təqdirəlayiq bir addımdır. Çünki son illər Azərbaycanda yeni filmlərin az çəkilməsinin fonunda kino tənqidi və kino tarixi mövzusunda demək olar ki, kitab dərc edilməyib. 

Azərbaycanda kino ssenariləri barədə sonuincu kitab isə keçmiş SSRİ dövründə çap olunub - Rüstəm İbrahimbəyovun kino ssenariləri.

Bu baxımdan O.Fikrətoğlunun sözü gedən kitabı müasir Azərbaycan kinematoqrafiyasında yenilik kimi qiymətləndirməık olar.

Sultan AYXAN

22222