“Heydər Əliyev və Azərbaycan folklorşünaslığı”

 13:20 04.05.2024     1148

Azərbaycan xalqı bəşər tarixinə bir çox böyük  şəxsiyyətlər,  dahilər bəxş  etmişdir. Belə nadir tarixi simalar arasında dərin zəkası, aydın təfəkkürü, müdrikliyi, dəmir iradəsi ilə seçilən və müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin xüsusi yeri vardır. Ən yeni dövr Azərbaycan tarixinə dahi şəxsiyyət kimi daxil olmuş Heydər Əliyevlə yeni bir mərhələ başlandı.

XIX əsrin görkəmli alman filosofu Fridrix Nitşe yazırdı: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarix yaradır”. Bütün dünyanın qəbul etdiyi bu həqiqət XX-XXI əsrlərdə Heydər Əliyevin şəxsiyyəti tımsalında öz aktuallığını saxladı. Azərbaycan kimi özünəməxsus milli-mənəvi dəyərləri və mentaliteti olan dövlətlərdə şəxsiyyət amili mühüm rol oynayır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi fenomenal tarixi şəxsiyyət-Heydər Əliyev məhz belə bir ölkədə bacarıqlı bir lider kimi xalqın böyük sevgisini qazandı. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmdə həmişə milli-mənəvi dəyərlərə böyük önəm verib. Çünki Heydər Əliyev milli-mənəvi dəyərlərin Azərbaycan xalqının formalaşmasına təsirinin çox böyük olduğunu yaxşı bilirdi. 

Tarix sübut etmişdir ki, dövlətə kimin rəhbərlik etməsindən bir çox məsələlər, o cümlədən siyasi məsələlərin həlli, iqtisadiyyatın inkişafı, mədəniyyət, incəsənət sahələrində tərəqqi və s. əhəmiyyətli dərəcədə asılıdır. Bu vəzifələrin uğurlu həlli rəhbərin şəxsi keyfiyyətləri, bacarıq və qabiliyyəti ilə birbaşa bağlıdır.

1969-cu ilin 14 iyulunda H.Əliyev  birinci dəfə Azərbaycana rəhbər təyin edildi. Onun rəhbərliyi ilə qısa bir müddət ərzində Azərbaycanda iqtisadi və mədəni quruculuq  işləri geniş vüsət aldı, cəmiyyətin mənəvi tərəqqisində yeni bir mərhələ başlandı. Heydər Əliyev qeyri-adi təşkilatçılıq qabiliyyəti ilə fərqlənən, və uzaqgörən bir rəhbər idi. Bütün bunların nəticəsidir ki, Ümummilli lider Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə mədəniyyəti və incəsənəti güclü şəkildə inkişaf etməyə başladı.

Eyni proseslər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə də baş verdi. Təsadufi deyil ki, Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublika həyatının bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahəsində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın inkişafının şərəfli səhifələrindən birini təşkil edir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdəki çoxyönlü fəaliyyətində elm, təhsil, mədəniyyət və incəsənətin inkişafına diqqəti həmişə ön planda olmuşdur. Heydər Əliyevin  mədəniyyət və incəsənətin, milli maraqların inkişafına yönəlmiş siyasəti  milli-mənəvi dəyərlərin əsas  ideya istiqaməti­nin müəyyənləşməsində mühüm rol oynamışdır.

Bu baxımdan Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsindəki fəaliyyətindən bəhs edən “Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı xüsusilə diqqəti cəlb edir. Kitabın müəllifləri AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil və həmin şöbənin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nubar Həkimovadır. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktoru filologiya elmləri doktoru, dosent Sərxan Xavəridir.

Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsindəki fəaliyyətindən, eləcə də onun qeyri-maddi mədəni irsimizin öyrənilməsi, qorunması və təbliği sahəsindəki xidmətlərindən geniş bəhs olunur.

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı “Ön söz” və 14 bölmədən ibarətdir. “Heydər Əliyev: öndər ömrünün şanlı salnaməsi”, “Heydər Əliyevin azərbaycançılıq konsepsiyasında vətən, dil, milli dəyərlər konsepti”, “Heydər Əliyev və Azərbaycan folkloru”, Heydər Əliyev və dövlətçiliyin folklor qaynaqları”, “Heydər Əliyev siyasi kursu və folklorda yaşayan dəyərlərimiz”, “Heydər Əliyev və aşıq yaradıcılığı”, “Heydər Əliyev və Azərbaycan epos mədəniyyəti”, “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud”un 1300 illik yubiley tədbirləri”, “Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabın əsas bölmələridir. Kitabın bu bölmələrində Heydər Əliyevin mərasim mədəniyyəti ilə, milli-mənəvi dəyərlərlə bağlı xidmətlərini müxtəlif aspektlərdən öyrənmək olar. Kitabdakı yuxarıda adıçəkilən bölmələrində bu istiqamətlərin hər biri diqqətlə araşdırılaraq tədqiq edilib.

A.Xəlil və N.Həkimova yazır: “İctimai-mədəni həyatımızın elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəti­cələri aydın şəkildə özünü büruzə verməsin. Belə sahələrdən biri də Ümummilli Liderin mərasim mədəniyyəti sahəsindəki fəa­liyyətidir. Mərasim, mərasim folkloru, milli-mənəvi-dəyərlər kifayət qədər geniş bir sahədir və onun praktik aspektləri ilə yanaşı, nəzəri məsələləri də möv­cuddur. Bir çox mərasimlərin qədim tarixi-mədəni kökləri vardır.  Mərasimlər zaman keçdikcə bir sıra dəyişikliklərə məruz qalaraq günü­müzə qədər gəlib çatmışdır. Mərasimlərin müəyyən bir hissəsi isə müasir dövrlə bağlıdır. Müstəqil dövlətçilik dövrünün də mərasim mədəniyyəti mövcuddur.”

Mərasim, milli-mədəni dəyərlər etnik-mədəni davranışın mühüm bir tərkib hissəsi olaraq, milli mədəniyyətin təməllərindən birini təşkil edir. Ona görə də mərasim mədəniyyəti dövlət anlayışı və millət davranışı üçün mühüm əhəmiyyət daşıyır. Çünki dövlət təşkil olunmuş idarəçilik, millət təşkil olunmuş xalqdır; hər ikisində mütəşəkkillik mühüm prinsipdir. Mə­rasim insanları mütəşəkkillik mədəniyyətinə alışdırır və ictimai mədəniyyətin əsaslarını möhkəmləndirir.

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabında müəlliflər vurğulayır ki, mərasimin mədəniyyətdəki yerini, rolunu və dəyərini dərindən bilən Ümummilli Lider Heydər Əliyev mərasim mədəniyyətinə xüsusi diqqət edirdi. Mərasim mədəniyyətintəşkil edən və onun fasiləsizliyini təmin edən əsas kompo­nentlər və proses Heydər Əliyevin ifadəsilə belə xarak­terizə olunur: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mə­nəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət- ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıblar və bun­lar indi bizim mənəviyyatımızı təşkil edən amillərdəndir”.

 Ulu Öndərin bu fikrində mədəniyyətin, ənənənin,  milli varisliyin, milli-mənəvi dəyərlərin rolu diqqətdə saxlanılır, onlara xüsusi əhəmiyyət verilir. Milli köklərə bağlılıq milli xüsusiyyətlərin, milli-mənəvi dəyərlərin və milli adətlərin qorunması ilə mümkün olur. Heydər Əliyev 20 iyul 2002-ci ildə Ukraynada yaşayan azərbaycanlılarla görüşdə belə demişdir: “İnsan gərək heç vaxt öz milli kökünü, torpağını, vətənini, öz dilini unutmasın. Öz dilini yaddan çıxarmasın. Öz milli-mənəvi ənənələrini unut­masın. Özü də bir var ki, onu unutmuram, mənim xatirimdədir, hafizəmdədir, bəli, bu, mənim millətimin xüsusiyyəti­dir, millətimin bu adəti var, bir də var ki, onu yaşatsın”.

A.Xəlil və N.Həkimova yazır: “Heydər Əliyev üçün əsas məqsədlərdən və milli-mənəvi hə­dəflərdən on başlıcası həmrəylik məsələsi olmuşdur. Ona görə də o deyirdi ki, “azərbaycanlılar həmrəy olsunlar, bir- birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər. Təkcə müstəqillik bayramım, Novruz bayramını de­yil, bütün başqa bayramları da qeyd etsinlər”. Bütün bu mə­rasim mədəniyyətinin zənginliyi cəmiyyətdə mənəvi sağlam­lıq yaradan vasitə kimi diqqətə çatdırılır.”

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabında Ümummilli Liderin müxtəlif mərasimlərdə, görüşlərdə və başqa tədbirlərdə etdiyi çıxışlar, söylədiyi nitqlər, verdiyi fərmanlar və göstərişlər üzərində müşahidələrdən aydın olur ki, bu böyük şəxsiyyətin milli-mənəvi quruculuq siyasəti mükəmməl əsaslara malik olmuşdur.

Müqəddəs dəyərlərin qorunmasında dini bayramların rolunu dəqiq müəyyənləşdirən Heydər Əliyev Qurban bayramının mənəvi dünyamızdakı yerini 21 may 1994-cü ildə Zuğulbadakı pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşdə çıxışında belə aydınlaşdırır: “Ulu baba­lardan, Həzrəti Məhəmməd peyğəmbərdən qalmış müqəddəs kitabımız “Qurani-Kərim” tərəfindən tövsiyə olunmuş Qur­ban bayramını azad və sərbəst şəraitdə qeyd edirik və belə­liklə, Azərbaycan xalqının həm müstəqilliyim, həm milli azadlığını, həm də öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk.”

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə milli mərasim və bayramlar maneəsiz olaraq keçirilib. Ulu Öndər mərasim mə­dəniyyətinin bərpası ilə yanaşı, bu mədəniyyəti daha da in­kişaf etdirmiş, onu yeni-yeni mərasim formaları ilə zəngin­ləşdirmişdir. Sovet dönəmində tarla düşərgələrində keçirilən “Məhsul bayramları” insanları yeni-yeni əmək qələbələrinə ruhlandırırdı. Belə mərasimlər yüksək təntənə ilə qeyd olun­duğundan insanların həyatına nikbin ovqat gətirir və onların ruhi-mənəvi durumuna pozitiv təsir göstərmiş olurdu.

A.Xəlil və N.Həkimova yazır: “Heydər Əliyevin xüsusi diqqət verdiyi sahələrdən biri peşə bayramları idi. O istəyirdi ki, hər bir peşə zümrəsinin öz bayramı olsun və onlar bu günü həmrəylik nümayiş etdi­rərək birgə keçirsinlər. Belə bayramların artıq bir hissəsi (məsələn, müəllim günü, həkim günü və s.) cəmiyyətdə otu­ruşub və müntəzəm xarakter alıb.

Heydər Əliyev həm Respub­lika rəhbəri kimi, həm də dövlət başçısı kimi mərasimləri yüksək səviyyədə təşkil edirdi. Ümumxalq bayramları və peşə bayramlarının əksəriyyətində Heydər Əliyev şəxsən iştirak edirdi və bununla da bayramın təşkilinin daha mütəşəkkil və möhtəşəm olmasını təmin etmiş olurdu. Çünki döv­lət başçısının bayram mərasimində iştirakı onun ən yüksək səviyyədə hazırlanması üçün kifayət edirdi.”

Ulu Öndər Heydər Əliyev bədnam qonşuların işğalı nəticəsində yurd-yuvasım itirmiş qaçqın və didərgin vətəndaşlarımızın yaşadığı çadır şəhərciklərində keçirilən toy mərasimlərində, şənliklərdə iştirak edirdi. Və bu iştirakı ilə o, həmin insanlara sonsuz sevinc bəxş edirdi. Onun diqqətindən heç nə yayınmır, heç kim unudulmurdu. Ayrı-ayrı el sənətkar­larını birbaşa qəbul edir, onların ad günlərini təbrik edir, xidməti olanları müntəzəm olaraq orden və medallarla təltif edirdi.

A.Xəlil və N.Həkimova yazır: “Heydər Əliyevin mərasim mə­dəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən biri də onun göstərdiyi şəxsi davranış nümunəsidir. Onun mərasim hərəkətləri, yerişi, duruşu, mimikası, jestləri, çıxışı, nitqi, söylədiyi hər kəlmə nümunəvidir, böyük və zəngin bir mək­təbdir. Bu, bizim mərasim mədəniyyəti tariximizdə ən parlaq səhifəni təşkil edir. Müstəqil dövlətçilik mədəniyyətinin mə­rasimi əsaslarının formalaşmasında Heydər Əliyevin misilsiz xidmətləri vardır. Rəsmi dövlət mərasimlərinin təşkili ilə ya­naşı bu mərasimdə iştirakın ən mükəmməl rəsmi nümunəsini göstərən Heydər Əliyev əslində yeni dövr dövlət mərasim mədəniyyətimizin əsaslarını müəyyənləşdirdi.”

Heydər Əliyevin milli-mənəvi quruculuq siyasəti azərbaycançılıq ideologiyasına əsaslanır. Azərbay­can vətəndir və bizi birləşdirən müqəddəs dəyərdir. Heydər Əliyev milli ideologiyamızın təməl prinsiplərinə milli-mənə­vi dəyərlərimizi, o sıradan adət və ənənələrimizi də aid edirdi. Milli adətlərə, mərasimlərə və dini bayramlara da çox diqqətlə yanaşan Ulu Öndər Qurban bayramı haqqındakı mülahizələrini belə aydınlaşdırırdı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan mərasim mə­dəniyyəti və incəsənəti tarixindəki xidmətləri misilsizdir. Onun bərpa etdi­yi, inkişaf etdirdiyi və təşkil etdiyi mərasimlər xal­qımızın həyatında ənənə şəklində yaşamaqdadır. Heydər Əli­yev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hazırda Ulu Öndərin bu istiqamətdəki quruculuq fəa­liyyətini davam və inkişaf etdirməkdədir.

Tahir Orucov,

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi