Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlanır

 17:30 19.05.2024     760

Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri və s. mədəni əməkdaşlığın göstəriciləridir.

Mədəniyyət Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, 19-23 may tarixlərində Bakıda və Gəncədə keçiriləcək Tacikistan Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.

Mayın 20-də saat 17:00-da mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində Tacik Kinosu Günlərinin açılış mərasimi olacaq. Mərasim zamanı "Rüstəm və Söhrab" filmi nümayiş etdiriləcək.

Həmin gün saat 18:00-da Heydər Əliyev Mərkəzində "Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri" sərgisi açılacaq.

Axşam saat 19:00-da isə Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Qonaq ölkənin incəsənət ustalarının qala-konserti təqdim olunacaq.

Mayın 21-də saat 16:00-da Nizami Kino Mərkəzində kinosevərlər "Şöhrətlənən Sarəzm" sənədli filmini izləyəcəklər.

Mayın 22-də saat 16:00-da Nizami Kino Mərkəzində "Tale" ("Fortuna") bədii filmi göstəriləcək.

Mədəniyyət günlərinin sonuncu günündə - mayın 23-də Nizami Kino Mərkəzində saat 16:00-da Tacik Kinosu Günlərinin bağlanışı olacaq. Kinosevərlər "Güzgü" bədii filmini izləmək imkanı əldə edəcəklər.

Həmin gün axşam 19:00-da isə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Tacikistanın incəsənət ustaları tərəfindən konsert proqramı təqdim olunacaq.