Mədəniyyət Nazirliyinin qurumu 30 nəfəri haqsız yerə işdən çıxarıb?

 09:59 22.05.2024     734

“Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyi mən də daxil, 30 nəfəri haqsız yerə işdən çıxarıb. Dəfələrlə kobud davranış göstərən rəhbərliyin işdən çıxarma bəhanəsi isə 1 gün qalmış göndərdiyi attestasiya mövzularından keçməyimizi tələb etməsidir”. 

Redaktor.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində aparıcı metodist vəzifəsində çalışmış Aygün Hüseynova bildirib.   

O bildirib ki, mərkəzin direktoru martın 25-də vatsap qrupu yaradaraq “attestasiya üçün mövzular” adı altında 65 mövzu göndərib, amma bunu attestasiyaya bir gün qalmış edib: “Bizə 65 mövzu göndərib dedilər ki, əməkdaşlar bu istiqamətlər üzrə attestasiya olunacaq. Bu mövzuları göndərəndə ölkədə qeyri-iş günü idi. İşə çıxdığımız gün isə dedilər ki, sabah attestasiya keçiriləcək. Bunun bizə 1 gün qalmış deyilməsi qərəzli məsələdir. Ən azı 1 ay vaxt verilməli idi”.

Aygün Hüseynovanın sözlərinə əsasən, işçilərin etiraz etməsinə baxmayaraq, proses qeyd olunan tarixdə və vaxtda heç bir qiymətləndirmə meyarları olmadan keçirilib: “Attestasiya şərtləri, qaydaları və komissiya üzvləri məlum olmayan qərəzli, qeyri-obyektiv idi. Nəticələr də bizi qane etmədi. Elə olub ki, suala düzgün cavab yazsam da, bu, nəzərə alınmayıb. Attestasiyada 30 nəfər əməkdaş iştirak edib. Bu əməkdaşların hər biri 22, 30, 44 il əmək stajı olan, ixtisasları mədəniyyət sahəsi ilə birbaşa əlaqəli olan işçilərdir”. 

Şikayətçinin iddiasına görə, qurumun rəhbəri dəfələrlə əməkdaşları işdən çıxmaları üçün təhdid edib: “Mərkəzin direktoru işçiləri təhdid edərək öz xahişləri ilə ərizə yazıb işdən çıxmağa məcbur etdi. Bu təhdidlərdən çəkinən 16 əməkdaş öz xahişi ilə ərizə yazaraq işdən çıxıb. Mən də daxil qalan 14 nəfər isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə işdən çıxarıldıq”. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi bildirilib ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində işçilərin attestasiyası “İşçilərin attestasiyası  keçirilməsi Qaydaları”na müvafiq olaraq həyata keçirilib: Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində işçilərin attestasiyadan keçirilməsi məqsədilə Mərkəzin direktoru vəzifələrini icra edən Akif Marifli tərəfindən attestasiyanın tarixi, keçirilmə qaydaları, komissiyanın yaradılması və tərkibinə dair, həmçinin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsinə dair müvafiq əmrlər verilib. MEMİM işçilərinin attestasiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi üçün Attestasiya Komissiyanın tərkibinə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq sahələr üzrə peşəkar təcrübəyə malik tanınmış ekspertlər daxil edilib.

Attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahı attestasiyanın başlanmasına 1 (bir) ay qalmış attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılıb. Attestasiyaya hazırlıq məqsədilə işçilərə tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına, dünyagörüşünə və müvafiq sahəyə dair veriləcək mümkün sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktların və konkret sahəvi mövzuların siyahısı təqdim edilib.

Məlumat üçün bildiririk ki, attestasiya nəticisində MEMİM işçilərinin bir qrupunun tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı məlum olub. Müraciət edən şəxslər məhz bu qrupa aid olan və Attestasiya Komissiyasının hər biri barədə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı barədə qərar qəbul etdiyi MEMİM işçiləridir”.

Attestasiya mövzularının 1 gün qalmış göndərilməsi məsələsi il bağlı Əmək Müfəttişliyinə də müraciət etdik. Qurumdan deyildi ki, attestasiya prosesi işçilərə 1 ay əvvəldən xəbər edilməlidir: “Nazirlər Kabinetinin 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycanda işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir.

Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir”.