Cənub bölgəsinin mədəni irsi – Lənkəran rayonundakı tarixi abidələr

 22:32 02.06.2024     810

II YAZI

Lənkəranda tikilən məscidlər XIX əsrin axırları, XX əsrin əvvəllərinə təsadüf edir. Bu məscidlər öz milli üslubu, memarlıq kompozisiyası baxımından Cənubi Azərbaycanın memarlıq ənənələri ilə bağlıdır. Böyük bazar məscidi XIX əsrdə inşa olunmuşdur. Təşəbbüskarları və baniləri Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu və Hacı Mirağa olmuşdur. Məscidin 1929-cü ilədək altı təkyəsi olmuşdur. Həmin təkyələrə onu inşa edənlərin adları verilmişdir. Kərbəla Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafın və Hacı Əsləsgərin təkyələri otuzuncü illərdə dağıdılmışdır. Hacı Hacağa Əkbərovun təkyəsi isə bu günə kimi qalmışdır. Məscid fəaliyyətə başlayan ilk gündən ona molla Mirəhməd axund, Şeyx Hüseyn axund, Molla Ağabala axund, Molla Vəli axund, Mirzə Məmmədhüseyn axund başçılıq etmişlər. Məscidin divar materialları bişmiş kərpicdən hörülmüş, üstü isə kirəmitlə örtülmuşdür. Məscidin içərisində əsas yeri namaz qılmaq üçün geniş zal tutur. Bu yaxınlarda məsciddin 140 yaşı tamam olmuşdur. Sovet hakimiyyəti dövründə məsciddən anbar, kitabxana, şəkil qalereyası kimi istifadə olunmuşdur. Məscid ilkin görünüşünü saxlamışdır və ona bəzi əlavələr edilmişdir. Yerli əhəmiyyətli memarlıq abidəsi olan Kiçik bazar məscidi XX əsrin əvvələrində – 1904-cü ildə tikilmişdir. Məscidin inşasında əsasən qırmızı kərpicdən, yerli qiymətli meşə materiallarından, kirəmitdən istifadə edilmişdir. Lənkəran məscidlərinin başqa regionlarda olan məscidlərdən fərqli cəhəti minarələrin olmamasıdır. Məscid ilk dəfə 1906-cı ildə Kiçik bazar camaatının köməyi ilə inşa olunmuşdur. Məscid Tağı bəy, Ağa bəy, Molla Nəsir və başqalarının vəsaiti ilə tikilmişdir. Nəccarı üsta Rəhim və atası olmuşdur. Kiçik bazar məscidi zonadakı məscidlərdən tamamilə fərqlənir. Giriş hissələrindəki örtmələr, pəncərələrin dar şəkildə hörülməsi onun fərqləndirici əlamətləridir. Məscidin uzunluğu 26 m, eni 10 m, divarının qalınlıqı 1 metrdir. Sovet hakimiyyəti dövründə məsciddən anbar kimi istifadə olunmuşdur. 1988-ci ildən yenidən məscid kimi fəaliyyətə başlamışdır. Azərbaycan Rusiya imperiyasına birləşdirildikdən sonra Lənkəranda məskunlaşmış rus, alman, yəhudi və başqa icmaların nümayəndələri burada öz dini etiqadlarına uyğun olaraq məbədlər tikdirmişlər. Bunlardan biri də alman kilsəsidir. Qeyd etmək lazımdır ki, almanlar hələ XVIII əsrin axırlarında Lənkəranda məskunlaşmağa başlamışlar. Burada onların bir sıra ticarət obyektləri olmuşdur. İrandan, Əfqanıstandan gətirdikləri müxtəlif cür malları Avropaya aparırmışlar. Buna sübut olaraq Lənkəranda bəzi məhəllələrin adı indi də alman dilində səslənir. Bunlardan biri lənkəranlıların fərştat adlandırdıqları yer olmuşdur. Qala divarlarından kənarda yerləşən bu məhəllədə almanlar kompakt şəkildə yaşamışlar. Bundan əlavə, Böyük bazar və Lənkəranın bir sıra yerlərində almanlara mənsub ticarət obyektləri, saatsaz dükanları və yaşayış evləri olmuşdur. Öz dini ibadətlərini yerinə yetirmək üçün almanlar XIX əsrin sonunda burada kilsə tikmişlər. (Firdovsi küçəsindəki 19 nömrəli binanın yerində.) Bu binanın yuxarı hissəsində deyilənlərə görə iri günbəz olmuşdur. Oxun üstündə isə qızıl suyuna salınmış xaç vardır. Bina bir iri zaldan və keşiş üçün nəzərdə tutulmuş bir sıra otaqlardan ibarət olmuşdur. Xaç suyuna salınma və bir sıra başqa dini mərasimlər də burada yerli keşiş tərəfindən keçirilmişdir. Lənkəranda yaşayan alman ailələrinin üzvlərindən kilsədə uşaq xoru təşkil olunmuşdu, Müqəddəs bayramlarda onlar Həzrəti İsanın şəninə dini mahnılar ifa edirmişlər. Kilsə 1920-ci illərə kimi fəaliyyət göstərmişdir. Kilsənin ətrafında olan binalarda əsasən almanlar yaşamışlar. Burada yaşayan alman ailələri gizli də olsa öz dini mərasimlərini yerinə yetirirmişlər. Lakin 1941-ci ildə II Dünya müharibəsi başlanandan sonra, Stalinin göstərişi ilə SSRİ-də yaşayan bütün almanlar ölkənin ucqar yerlərinə sürgün edilmişlər. Lənkəran sərhəd zonası olduğuna görə burada yaşayan almanlar ilk növbədə məcburi surətdə köçürülmüşlər. Kilsənin binası isə yaşayış evi kimi istifadə olunmuşdur. Yəhudi sinaqoqu A. Axundzadə küçəsi 21 “A” binada yerləşir. Bina XIX əsrin sonu XX əsrin əvvəllərində daha dəqiq 1892-ci ildə inşa edilmişdir. Bina tikilərkən Yəhudilər üçün sinaqoq (yəni dini mərasimləri keçirilən yer) kimi nəzərdə tutulmuşdur. Daxildən binanın ölçüsü belədir. Uzunu 18 m, eni 8,5 m, hündürlüyü 6,7 metrdir. Binada hazırda “Olimpia İdman klubu” tərəfindən əlavə otaqlar artırılmış, binaya istilik sistemi çəkilmişdir. Binanın damı əvvəllər lülə suval olmuş, 1979-cu ildə iməcilik yolu ilə dəmir dam bağlanmışdır. Divarlar qırmızı kərpicdən hörülüb. Tavanı və döşəməsi taxtadandır. Bina tikililərlə əhatə olunub.                                                                                                                                                                                                                                     

Şeyx Zahid İbn Şeyx Rövşən Əmir (1215-1300) XIII əsrin tanınmış alimi, filosof və təriqət başçılarından olmuşdur. Onun türbəsi Lənkəranın Şıxəkəran kənd qəbirstanlığındadır. Onu bütün şərqdə bir mutəfəkkir alim kimi tanımışlar. Respublikamızda müstəqillik bərpa edildikdən sonra muxtəlif ölkələrdən Lənkərana gələnlər bu turbənin yeri ilə maraqlanırdılar. 1990-cı ildə Şeyx Zahidin qohumu Türkiyədən Lənkərana gəlib türbəni ziyarət etmişdir. Türkiyəli qonaq onun haqqında maraqlı bir sənəd gətirmişdir. Bu kitab belə adlanırdı: “Türükü-ü-Aliyə-i Halvetiyye silsiləsində və təriqətin təməlində yer alan böyük murşidlərin bəzilərinin həyat münakibləri” (yəni məskənləri). Kitabda ən qədim dövrdən əsrimizə qədər davam edən bir çox məşhur şeyxlər haqqında qısa məlumat verilir. Şeyx Zahidin əsl adı Tacəddin İbrahim, atasının adı isə Rövşən Əmirdir. Rövşən Əmir İranın Gilan vilayətinin kəndlərinin birində evlənmiş, Lənkəranın Siyavər kəndinə köçmüşdür. Şeyx Zahid bu kənddə anadan olmuşdur. O, ilk təhsilini Lənkəranın Pensər kəndində Təbrizli Seyid Cəmaləddindən almışdır. Şeyx Zahidə Zahid təxəllüsünü də müəllimi Seyid Cəmallədin vermişdir. Zahid ibadət ilə məşğul olan pəhrizkar mənasındadır. Müəllimi Cəmaləddinin vəfatından sonra Şeyx Zahid 20 il yaşamış və əkinçilik ilə məşqul olmuşdur. Siyahıda göstərilən 19-cü adamın adı isə Ahi Məhəmməd Nurulhalveinin- yerlilərimiz «Piri Ərəb» adlandırırlar. Piri Ərəbin qəbri də Xolmili kəndi yaxınlığında yerləşir, qədimdən məşhur türbədir. Şeyx Zahid ilə Piri Ərəb yaxın dost olmuşlar. Şeyx Zahid təriqət başçısı olmuşdur. Məhz ona görə də kəndin adı Şıxəkəran (Şeyxəkəon-Şeyx evləri) adlanmışdır. Şeyx Zahid ilk Azərbaycan dövlətinin banisi Şeyx İsmayıl Xətainin ana tərəfdən dördüncü babasıdır. Şeyx Zahidin məqbərəsi respubikamızın dövlət müstəqilliyi bərpa olunandan sonra sahmana salınmışdır. Lənkəranda Şeyx Zahidin adına küçə vardır. Seyid Xəlifə turbəsi XIX əsrin yadigarıdır, Cil kəndində yerləşir. El arasında bu türbəyə “Sexəlifə” deyilir. Burada hündürlüyü 1m 40 sm-ə çatan qəbirüstü abidələr mövcuddur. Baş daşlarındakı təsvirlərdə əl, ayaq izləri, ox, qılınc, nizə, əmud və başqa silah növlərinin təsviri olan daş parçalar diqqəti cəlb edir. Qəbirüstü abidələrdə günəşi əks etdirən simvollar da həkk olunmuşdur. Ziyarətgah türbənin yaxınlığında isə bir sal daşı üzərində ayaq izi vardır ki, xalqın etiqadına görə oraya “Əli ayağı” deyirlər. Deyilənlərə görə, “Seyid xəlifə” türbəsində Ərəbistandan Yezidin atası Müaviyyənin zülmündən qaçıb gələn çoxlu seyidlər və üləmalar da dəfn olunmuşdur. Türbədə həm atəşpərəstlik, həm də islam dininin nümunələrinə rast gəlinir. Əldə olunmuş məlumatlara görə burada atəşpərəstlərin dini abidələri də ardır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Q.Gül tərəfindən müəyyən edilmişdir ki, Seyid Xəlifə qəbirstanlığındakı ağaclardan birinin yaşı min ilə çatır. Bu həmin qəbirstanlığın qədimliyini bir daha təsdiqləyir. Türbəyə qonşu kəndlərdən, respublikamızın ayrı-ayrı bölgələrindən ziyarətə gəlirlər. Seyid Xəlifə türbəsi mədəni-tarixi abidə kimi dövlət tərəfindən qorunur.     
Lənkəranın məşhur tarixi abidələrindən biri də dağıdılmış qədim qalaya aid Zindan Qülləsidir. Lənkəranın cənub-şərqində yerləşən bu silindrik tikili Talış xanlığının qanlı, lakin uğurlu rus mühasirəsinə qədər (1747-1828) mərkəz rolunu oynamış və Lənkəran qalasının qülləsi kimi tanınmışdır. Qala sonradan dağıdılsa da, Zindan salamat qalmış və uzun illər həbsxana kimi fəaliyyət göstərmişdi. Yerli əfsanəyə görə, Stalin 20-ci əsrin əvvəllərində yeraltı tunellə qaçmazdan əvvəl qısa müddətə burada saxlanılıb.

Yazı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.