Cənub bölgəsinin mədəni irsi – Masallı rayonundakı tarixi abidələr

 12:17 10.06.2024     878

Masallı rayonu bu regionun əsas nəqliyyat arteriyası sayılır. Bakıdan cənuba, İrana doğru gedən magistral yolun üzərində yerləşir. Masallı rayonunun mənzərəli dağlıq guşələrinin birində İstisu mineral bulağı yerləşir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir. Bura müalicə olunmağa, eləcə də, istirahət etməyə gələnlərin sayı olduqca çoxdur. Həddən artıq populyar müalicəvi mineral su olan İstisu qablaşdırılaraq ölkənin apteklərində satılır.                                                                                   

Masallı şəhərinin ərazisində mövcud tarix-memarlıq abidələri XIX əsrdə tikilmiş məscid, qədim hamam, Ərkivan qülləsi və Diyarşünaslıq muzeyinin binası ilə təmsil edilir. Digah və Boradigah kəndlərindəki XVI əsrə aid məscidlər, Seyid Sadıq məqbərəsi də maraqlı abidələrdir. Ənənəvi xalq sənəti məmulatları (həsir, baş yaylıqları, duluzçuluq və ağac məmulatları, xalçalar, corablar) Musaküçə, Türkoba, Qəriblər, Kolatan, Sığdaş və başqa kəndlərdə hazırlanır. Masallıdan Lənkərana gedən yol boyunca, Xəzər dənizinin cənub-qərb sahillərində (Qızılağac körfəzi) “Qızılağac” qoruğu yerləşir.                                                                                                                

Füzuli küçəsində yerləşən Masallışəhər Cümə məscidi tarixi abidələrdəndir, XIX əsrin əvvəllərində inşa edilib, əsas və yardımçı binalardan, həmçinin mədrəsə binasından ibarətdir. Məscidin daxili 354 kvadratmetr, tutumu 400 nəfərdir. İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə edilib. Məscidin orta sütunları çoxillik palıd ağaclarındandır. İçi ağac şəbəkə ilə kişi və qadın ibadət yerlərinə ayrılıb. Pəncərələri ağac və rənglişüşə şəbəkələrdən qurulub. Məscidin qabaq hissəsinə sütunvarı çıxıntı əlavə edilib. Məscidin qabaq divarlarısonradan ağ mərmər üzlüklə örtülüb. Məscidin minarəsi olsa da, Sovet dövründə dağıdılıb. Məscid sonuncu dəfə keçən əsrin 80-ci illərində restavrasiya olunaraq muzey kimi istifadə edilib. Hazırda məscid fəaliyyətdədir və tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qorunur.                                                                                                  

Masallıda daha bir tanınmış məscid-Seybətin kənd məscidi şəhərin Seybətin küçəsində yerləşir. Məscid 1910-cu ildə inşa edilib, dəfələrlə restavrasiya və təmir olunub. Sonuncu dəfə məscid 1990-cı ildə tam əsaslı təmir edilərək sahəsi genişləndirilib. Məscidin həyəti hasarlanaraq qapalı hala gətirilib. Məscid su, kanalizasiya və müasir istilik sistemi ilə təchiz edilib və tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qorunan abidələr siyahısındadır. XIX əsrin əvvəllərində inşa edilmiş və dəfələrlə təmir olunmuş Masallı rayonu Digah kənd məscidi də qorunan tarixi abidələr sırasında yer alıb.