Aşıq Mirzə Bilal DASTANI

 18:42 23.06.2024     1486

Tut orucu, qıl namazı,
Allahına xidmət elə.
Məkkə olsun qibləgahın,
Sən haqqa inayət elə.

Sidqini bağla Allaha,
Naümid qoymaz səni mövla,
Gecə-gündüz elə dua,
Aşkara, həm xəlvət elə.

Bu misralar Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilalındır. O Mirzə Bilalın ki, bu kimi misralara görə o, Stalinin 37-ci il represiyasında əksinqilabçı, qiyamçı, ziyanverici təşkilatın rəhbəri elan edilir və güllələnir.
Kim idi Mirzə Bilal?

Başına döndüyüm, a Şirvan əhli,
Nə şəhər əhliyəm, nə də kənd əhli.
Qəfil məni bir dilbilməz ovladı,
Gecə-gündüz başı müsibətdəyəm.
 
Görmüşəm, sevmişəm, olmuşam bihal,
Atam Mustafadır, öz adım Bilal,
Yediyim-içdiyim olubdur halal,
Soruşsaz əslimi, mən Qəşədliyəm.

Aşıq Mirzə Bilal Mikayılov 1872-ci il mart ayının 12-də Ağsu rayonu Qəşəd kəndində (o dövrdə Qəşəd kəndi Şamaxı rayonunun ərazisində yerləşirdi- İ.H) anadan olub. Atası Mustafa 42 yaşında vəbadan vəfat edəndə Bilalın vur-tut 8 yaşı vardı. Arzusu savad almaq olsa da, nökərçiliyə getdi... Səlim bəylə Kərim bəyin qoyun sürülərini otardı. Amma qismətində çobanlıq deyil, el aşığı, haqq aşığı olmaq varmış.

O, sonradan nəinki Azərbaycanda, bütün Qafqazda məşhur aşıq olanda həmin günləri unutmadı:

Mən aşıq, elçiyəm mən,
Sanma dilənçiyəm mən.
Bəyə nökər olsam da,
Xalqa qəzəlçiyəm mən.

Allah onu çobançılıq üçün deyil, sözlə musiqi ilə möcüzələr yaratmaq üçün xəlq etdiyindən bir də ayılır ki, kənd mollası Veyis kişinin yanındadır. Ondan yazı-pozunu, ərəbcəni, farscanı öyrənir. Daha sonra Seyid Əzim Şirvaninin məktəbinə üz tutur. Burada da Seyidin əruz dünyasına qərq olur, qəzəliyyatın, şeiriyyatın sirlərinə vaqif olmağa başlayır.

Sanki, görünməyən qüvvə onu getməli olduğu yerə çəkirdi. Bir də baxdı ki, əngəxaranlı Aşıq İbrahimə (1850-1914) şəyirddir.

Aşıq İbrahimsə o zamanlar yalnız Şirvan mahalında tanınmırdı. Ad-sanı, sorağı Qafqazdan tutmuş İrana, Orta Asiyayacan yayılmışdı, yaratdığı dastanlarla, saz havalarıyla, "İbrahim pişrövü"ylə aşıqlıqda möhürünü vura bilmişdi.
Aşıq İbramin yanında yanında beləcə hikmət dolu, dürr kimi, mərcan kimi incə sözlər qoşan bir ozana çevrildi Mirzə Bilal.

El adətidir, ustad aşıq şəyirdlərinin aşıqlığa başlamağa hazır olduğuna arxayın olanda ona ustad şilləsi vurub yola salarmış. Belə bir gün Bilal üçün də yetişir və ustadı Əngəxaranlı İbrahim ona deyir: "Səndən o qədər razıyam ki, heç şilləni vurmağa ürəyim də gəlmir. Amma neyləyim ki, sənə bir yox, iki şillə vurulmalıdır. Sənə aşıqlığın ustad şilləsini mən vururam. Ancaq sən həm də hazır xanəndəsən. Mənim adımdan get mahalımızın ən böyük xanəndəsi Mirzə Məhəmmədhəsənin yanına. Qoy qulaq asıb xanəndəlik ustad şilləsini də o vursun", - deyir.

Şirvanlı Mirzə Məhəmmədhəsən kimi nəhəng xanəndə onun sadəcə aşıq yox, muğamı elə xanəndə məharəti ilə oxuya bilmək ustalığına zəmanət vermişdi.

Deyilənə görə, yaxşı nağılçı, dastançı, meydangir imiş.

Aşıq Ağalar Mikayılov added a new... - Aşıq Ağalar Mikayılov

Foto: Mirzə Bilalın oğlu Aşıq Ağalar

Oğlu Aşıq Ağalar xatırlayırdı ki, atası "Şah İsmayıl" dastanını deyəndə dönüb olurdu Şah İsmayıl, Koroğlunun qollarını söyləyəndə deyirdin ki, bəs Koroğludu, meydanda cövlan edir. Hansı sözü oxuyurdusa, elə bil o qəhrəmanın surətinə, cildinə girirdi. Boy-buxunuyla, oturuşu-duruşuyla, biliyi-qanacağıyla toy-düyün bəzəyi idi.

Mirzə Bilal öndər idi. Aşıqlıqda Şirvan oxu yolunu açan, həmin binanın təməlini qoyub sütunlarını dikəldən elə odur.

Cığır açdı, məktəb doğurdu və aşıq boğazıyla xanəndə boğazını qovuşdurmağı da Şirvan sənətkarları ondan mənimsədilər.

İllər keçir, Şirvanda müstəqil aşıqlığa başlayanların əksəriyyəti onun yanına ustad şilləsi minnətiylə gələcək. Layiq zəiflərə şilləni əsirgəyəcək, yarızaraat, yarıgerçək: "İmkan varsa, get özün özünə şillə vur" deyəcəkdi...

Az vaxtda Mirzə Bilal təkcə Şirvanda deyil, Azərbaycanın bir çox bölgələri, eləcə də İran, Dağıstan, Orta Asiya, Gürcüstan və İrəvanda məşhur olur. Azərbaycan xalq dastanları ilə yanaşı, Şirvanın klassik — "Aşıq Saleh və Maral", "Koroğlunun Şirvan səfəri", "Şirvanlı Qəhrəman şah", "Şahzadə Qasım", "Miskin Baba və Nigar xanım", "Aşıq Ağaməmməd və Məryəm", "Küçə Rza", "Mustafa və Sənəm xanım", "Adgözəl və Aslan şah", "Zəncanlı Qurban", "Kərəmin Beşdaş səfəri" dastanlarını dəqiq bildiyi kimi, ustalıqla da ifa edib.

 "Səfiyyə və Ziyad", "Aşıq Bilal və Soltan xanım", "Yetim Soltan", "Mustafa xan", "Aşıq İbrahim və Pəri", "Aşıq Bilal və Sənəm", "Həzrət Baba" adlı dastanlar bağlayan Aşıq Bilal 60-dan artıq klassik saz havalarını bacarıqla ifa edib, 15-dən artıq saz havası bəstələyib.

Təəssüf ki, Mirzə Bilalın ustad səsi bizə gəlib çatmayıb. Çünki haqqında uzun müddət danışmaq yasaq olub. 

Ümumiyyətlə, aşıq Mirzə Bilal Mikayılov özündən əvvəlki ustadların yolunu uğurla davam etdirməklə yanaşı özü də bir məktəb oldu. 

Dövrünün çox bilikli, savadlı, istedadlı şəxsiyyətlərindən olduğuna, mərhəmətli insan kimi tanındığına, sazı-sözü, dərin fəlsəfi fikir və düşüncələri ilə seçildiyinə görə el-oba, camaat ona "Mirzə" titulunu verir.

Erməni hücumu zamanı əhalinin faciəyə düçar olmaması üçün əlindən gələni əsirgəmir, kəndin könüllüləri ilə birgə çoxunu qırğından xilas edir, daşnaklara qarşı döyüşür və bununla da ermənilərin diqqətində qalır. 

Böyük nüfuz sahibi olması səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı İcraiyyə Komitəsinə üzv seçilib, bir neçə kəndə nümayəndə təyin edilir. Şamaxı qəzasında yüzbaşı - yəni polis rəisi vəzifəsi həvalə olunur. 
Və bu zaman da o haqlıların yanında olur, ədalətindən heç vaxt sapmır. Onun ədaləti dostlarının , sevənlərinin sayını artırsa da, düşmən də qazandırır.

Məzluma hörmət et, qolundan yapış,
Əlindən var-yoxun alandan olma.
Haqq yoldan yayınma, sən Adəm kimi
Nəfsindən peşiman olandan olma.
  
Mirzə Bilal, möhkəm yapış halaldan,
Bunu öyüd aldın ata-anandan,
İstəyirsən get xəbər al mahaldan
Zalımın qaydına qalandan olma.

37-ci ildə repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur. Aşıq Mirzə Bilalın represiya olunmasının digər əsas səbəbi isə onun, yaradıcılığında və aşıqlıq fəaliyyətində sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsidir. 

Mirzə Bilalın 13773 saylı cinayət işi ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi üçlüyünün 10 noyabr 1937-ci il tarixli iclasının protokolundan 25 nömrəli çıxarış: "Mikayılov Bilal Mustafa oğlu bunda ittiham edilir ki, o, Şamaxıdakı əksinqilabçı, qiyamçı, ziyanverici təşkilatın rəhbərlərindən olan İ.İbrahimov tərəfindən cəlb edilmiş və onun tapşırığı ilə Qəşəd kəndindəki əksinqilabçı, qiyamçı qrupa məlumatlar ötürmüş, mütəmadi şəkildə əksinqilabi, millətçi şayiələr yaymış, Sovet hökumətinə qarşı silahlı üsyana hazırlıqda iştirak etmişdir.
7 avqust 1937-ci ildə həbs edilmiş, SSRİ NKVD-si yanındakı həbsxanada silahlı nəzarət altında saxlanılır.
Azərbaycan NKVD-si üçlüyünün katibi Koqan".

Qərar isə budur: "Güllələmək, əmlakını müsadirə etmək".

Dövlət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə güllələnmə hökmü 1937-ci il noyabr ayının 26-dan 27-nə keçən gecə yerinə yetirilir.

Azərbaycanın ən şaqraq aşıqlarından biri əbədi susdurulur.

Allah bu zalım divanı
Yıxıb bir dəyişərmi ola?
İlahidən yanan çıraq
Bizim yurda düşərmi ola?

 
Bilalı öldürdülər... Amma "Şirvan şikəstəsi"ni, "Bilal qara qafiyəsi"ni, "Qobustan şikəstəsi"ni, "Bilal gəraylısı"nı, "Bilal təcnisi"ni, "Şirvan gəraylısı"nı, "Bilal gözəlləməsi"ni... ustadın yaratdığı saz havalarını susdura bilmədilər. Mirzə Bilalın özünü həbs edib güllələsələr də qatar-qatar qoşmalarını, gəraylılarını, bayatılarını, qəzəllərini dustaqlaya, güllələyə bilmədilər. Aşıq Mirzə Bilalı cismən məhv edilsədə, onun sənəti, parlaq xatirəsini insanların yaddaşından silinmədi.

Aşıq Bilal, göz yaşlarım selləndi,
Muncuq kimi gözlərimdə gülləndi,
Bir ah çəkdim, dilsiz daşlar dilləndi,
Xoş günümdə səbəbkarım gəlmədi.

Aşıq Ağalar Mikayılov added a new... - Aşıq Ağalar Mikayılov

Foto: Mirzə Bilalın oğlu Aşıq Ağalar ailəsi ilə

Aşıq Mirzə Bilalın sənət yolunu oğlu, tanınmış saz-söz adamı Aşıq Ağalar Mikayılov (1913–1988) davam etdirib.  Ümumiyyətlə, bu nəsildə böyük ziyalılar yetişib. Aşıq Ağaların oğlu Rauf Mikayılov tanınmış həkim olub. Aşıq Mirzə Bilal nəslinin digər nümayəndələri  bu gün də Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edirlər. 

İltifat HACIXANOĞLU