Tolerantlıq və multikulturalizm ənənəsinin təbliği

 12:17 26.06.2024     612

Əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edən Azərbaycan bu gün dünyanın ən sabit, multikulturalizmi yaşadan, qoruyan ölkələrindəndir. Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi bir vətən üçün çalışıb yaşayıblar, milli-dini zəmində qarşıdurma heç bir vaxt baş verməyib. Bu keyfiyyət xalqımızın qədimdən-qədim özünəməxsus dövlətçilik ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır, hazırkı qlobalizm prosesində çox pozitiv və nümunəvi bir yaşam təcrübəsidir.

Multikulturalizm  və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Azərbaycanda bütün dövrlərdə, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərimizdən biridir.

Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan bu adi insani birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir. Digər tərəfdən bu xarakterik keyfiyyət təbii ki, xalqımızın qədimdən milli eqoizmdən uzaq, bəşəri dəyərlərin daşıyıcısı olduğunun təsdiqidir. Təsadüfi deyil ki, Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı digər xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Aydındır ki, onlar Azərbaycanı Vətən seçdikləri üçün vuruşmuş, şəhid olmuşlar. Təbii ki, xalqımızın digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü, onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir. Bu birlik hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir mesajdır.

Eyni zamanda bu və digər məsələlər əhatə olunmaqla islam dininin elmi-kulturoloji aspektləri, etik-əxlaqi normalarının açıqlanması və müzakirələri ilə dindarların din mədəniyyətinin yüksəldilməsinə təsir göstərməkdir. Bu məqsədlə ictimai rəyin formalaşmasında bir vasitə olaraq indiki situasiyada yerli əhalinin iştirakı ilə görüşlər və müzakirələrin keçirilməsi, bu müzakirələr nəticəsində gənclərin intellektual və mənəvi inkişafının mənfi təsirlərdən qorunmasında maarifçilik mexanizminin yaradılması olduqca vacibdir.

Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir. Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Azərbaycan müxtəlif  sivilizasiyaların və mədəniyyətlərin  qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.

Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrı olsa da, dövlət dindən ayrı deyildir. Din ictimai həyatımızın, milli-mənəvi dəyərlərimizin, mənəviyyatımızın, əxlaqımızın, mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Məhz buna görə də bu sahədə baş verən və ya baş verə biləcək hər hansı neqativ proseslərə qarşı dövlət biganə qala bilməz. Dövlət burada da öz düşünülmüş tənzimləyici, maarifləndirici və əlaqələndirici funksiyalarını yerinə yetirir.  

Tolerantlıq - dini dözümlülük, yəni digər inanc və əqidələrə dözümlü yanaşmaq deməkdir. Daha dəqiq desək, tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olmaqla yanaşı, insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır.  Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz  humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.  Azərbaycanın tolerantlıq və multikultural durumuna töhfə verən dini münasibətlərin inkişafı, multikulturalizm ənənəmizin təbliği istiqamətində maarifçilik tədbirlərinin keçirilməsi olduqca faydalı olardı. Bu maarifçilik tədbirləri ideoloji vasitə kimi Azərbaycan multikulturalizminin elmi, mütərəqqi və eyni zamanda Azərbaycan dövləti tərəfindən elan edilən siyasi mahiyyətinə uyğun ictimai müzakirələri əhatə edir. Hər zaman vurğuladığımız və təbliğinə ehtiyac duyulan bir tarixi nailiyyət xalqımızın dindarlığına dair istər bizim öz içimizdə, istərsə də  xaricdə formalaşan tolerantlıq dəyərləndirməsi ilə bağlıdır. 

Narahatlıq doğuran problem ondan ibarətdir ki, milli müstəqilliyimizin əldə edilməsi illərindən başlayaraq xaricdən edilən təcavüzlər, torpaqlarımızın işğalı, yüz minlərlə yurddaşımızın qaçqınlıq, didərginlik taleyinə məhkumluğu, eləcə də qonşu ölkələrin nüfuzlu dini dairələrinin ölkəmizə siyasi məqsədlərlə ayaq açmaq cəhdləri bəzi vətəndaşlarımızın dindarlığına da təsirsiz ötüşməyib. İslam dünyasının bir parçası olan ölkəmizdə müasir tərəqqi meyarlarına cavab verməyən, islamın tarixi-zahiri əlamətlərilə kifayətlənən, din dəyərlərinin gerçək məzmunu və elmi mündəricəsinə zidd düşən və başlıcası da tarixən biçimlənmiş Azərbaycan dindarlığı keyfiyyətlərinə kölgə salan dini cərəyan və təriqətlər, bunların doğurduğu adət-ənənələr yayıla bilib. Müxtəlif fundamentalist cərəyanlar xüsusən gəncləri din adı ilə öz siyasi məqsədlərinə alət etməyə çalışır.               

Belə bir şəraitdə Azərbaycanda davamlı olaraq dinlərarası dialoq tədbirlərinin həm ölkə daxilində, həm də xaricində keçirilməsi, beynəlxalq səviyyələrdə təbliğinə xidmət edən maarifçilik tədbirləri qismində təqdimatının önəmini xüsusi qeyd etmək lazımdır.

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsi çərçivəsində çap olunur.