Erməni ifaçı Cavanşir Quliyevin şəxsi və əmlak hüquqlarını pozub

 18:43 02.08.2024     801

Musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının (bundan sonra - mahnı) erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən ifa edilməsi, Feysbukda Tik-tokda yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılır.

Agentlikdən Redaktor.az-a bildirilirb ki, bununla bağlı C.Quliyev 31 iyul-da Agentliyə dəvət olunub. Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən qəbul edilərək, mahnının erməni ifaçı tərəfindən oğurlanması faktı onunla müzakirə olunub. C.Quliyev erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi barədə Agentliyə ərizə ilə müraciət edib.

“Məsələ ilə bağlı Agentliyin ekspertləri Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğu ilə bağlı bildiriblər ki, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının bəstələdiyi musiqi əsərləri - operaları, simfoniyaları, mahnıları muğamın segah, bayatı-şiraz, şur, çahargah və digər muğamlar əsasında yazılır. Mahnı şüştər muğamının əsasında yazılıb və erməni ifaçının səsləndirdiyi mahnı ilə tam üst-üstə düşür.

Mahnı 1991-ci ildə bəstələnib və ilk dəfə 1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşova və C.Quliyev tərəfindən duet şəklində Azərbaycan Televiziyasında yayımlanıb. Yutub səhifəsində mahnının studiya çəkilişləri də yerləşdirdilib. Mahnı C.Quliyevin ən məşhur bəstələrindən biridir.

C.Quliyev 2004-cü ildən başlayaraq Agentlikdə (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) 41 musiqi əsərini qeydiyyatdan keçirmişdir, onlardan dördü böyük simfonik orkestr üçün yazılmış əsərdir. Mahnı 2006-cı il 27 iyul tarixində qeydiyyatdan keçirilmiş və ona əsərin qeydiyyatı haqqında 3089 nömrəli şəhadətnamə verilib. Mahnı Gülay Zeynallı, Samirə Əfəndi, türk müğənnisi Ezgi Mertin və digər məşhur ifaçılar tərəfindən ifa edilib.

Mahnı erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən mənimsənilib, yəni C.Quliyevdən icazə almadan sözlərini dəyişərək ifa edib və bəstəkarın adını göstərməyib. Bununla da erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən C.Quliyevin şəxsi (qeyri-əmlak) hüquqları və əmlak (iqtisadi) hüquqları pozulub.

Bununla yanaşı bildiririk ki, mahnının sözləri (bayatılar) Azərbaycan xalqına məxsus olan folklor nümunəsidir. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız Agentliyin icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Bununla yanaşı, dərc olunmuş bütün əsərlərdə, folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir.

Bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipinin və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.

Məlumat üçün bildiririk ki, C.Quliyev rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini bu sahədə fəaliyyət göstərən “Mikpro” MMC-yə vermişdir. Məsələ ilə bağlı “Mikpro” MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılıb. MMC-dən erməni ifaçı Minas Ovanisyanın (Mino) ifasında olan mahnının bütün platformalardan silinməsi ilə bağlı bildirişlərin göndərildiyi qeyd edilib.

Agentlik “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) ilə birgə daha əvvəlki təcrübəni nəzərə almaqla C.Quliyevin pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı öz səlahiyyətləri çərçivəsində köməkliyini davam etdirəcəkdir və nəticə barədə əlavə məlumat veriləcək”, - məlumatda vurğulanıb.