Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir KEÇİRİLDİ

 19:12 02.08.2024     847

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilən “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalqımızın öz azadlığı, ərazi bütövlüyü uğrudna apardığı mübarizəyə toxunub, Azərbaycan həqiqətlərinin, şanlı qələbəmizin təbliğində incəsənətin önəminə diqqət çəkib:

“Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz zəfərin, bütövlükdə Azərbaycanın uğurlarının memarıdır. Bu qələbəyə aparan yol sadəcə 44 gündən ibarət deyil. Uzun bir zaman kəsiyində Azərbaycan prezidenti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, ölkəmizin mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi istiqamətində ciddi addımlar atıb.

Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Ermənistan 30 illik dönəmdə təkcə torpaqlarımızı işğal etmədi, ilk növbədə bölgənin mədəni tarixinə qarşı soyqırımı törətdi. Onlar çox yaxşı bilirdilər ki, bölgədə olan tarixi abidələr Qarabağın Azərbaycan tarixinə bəxş etdiyi ən qiymətli sərvətdir. Ermənilərin vəhşi əməllərinə məruz qalan ərazimizdən biri də Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinmişdir. Belə binalardan Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılıb. İşğal dövründə ermənilər həmçinin, 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurmuşlar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir. Ermənilərin vandal əməllərindən tanınmaz hala düşən abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsi idi. Məqbərənin yalnız uçuq sütunları qalmışdı. Şuşa işğaldan azad olunan kimi dövlət başçısının Şuşanın bərpası ilə bağlı verdiyi ilk tapşırıqlardan biri də Vaqifin məqbərəsinin bərpası oldu. Tez bir zamanda təmir-bərpa işləri nəticəsində əvvəlki vəziyyətinə qaytarılan məqbərə görünüşü ilə şəhərə ayrı bir gözəllik verir. Ənənəvi Vaqif Poeziya Günləri də artıq hər il məqbərənin önündə keçirilir.

Məhz bu gün burada rəssam Nigar Helminin Qarabağın mirası Təsviri İncəsənətdə mövzusuna həsr olunmuş sərgi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr olunub. Qarabağın mirası Təsviri İncəsənətdə mövzusuna həsr olunmuş tədbiri aşıq elan edirəm”.

Bundan sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili və Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz çıxış edib, milli tariximizin və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən, bu qələbələrin təbliğində mədəniyyətimizin və incəsənətimizin rolundan bəhs ediblər. Hər iki çıxışçı rəssam Nigar Helmi Abbasbəylinin əsərlərinin milli tariximizin, qan yaddaşımızın yaşadılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda çıxış edən rəssam Nigar Helmi Abbasbəyli iştirakçılara öz təşəkkürünü bildirib, uşaqlıq xatirələrindən, milli tarximizlə bağlı şahidi olduğu ağrılı məqamlardan, apardığı tarixi araşdırmalardan bəhs edib. Rəssam Nigar Helmi Abbasbəyli qeyd edib ki, zəngin tariximizin, xüsusilə də ermənilərin 200 il ərzində Azərbaycan xalqının başına gətirdiyi faciələrin daha dərindən araşdırılmasına, bu araşdırmaların nəticəsi ilə bağlı daha fundamental əsətlərin yaradılmasına ehtiyac var.

Tədbirin sonunda polkovnik Cəlil Xəlilov rəssam Nigar Helmi Abbasbəylini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif edib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin siyasi sənədlər arxivinin müdiri Elmira xanım Ələkbərova, Milli Qəhrəman Ramiz Qasımovun həyat yoldaşı Günel xanım və övladları, şəhid Telman Kəlbəliyevin hıyat yoldaşı Günay xanım və digər qonaqlar iştirak edib.

222222