"Avroviziya" üçün ifaçı və mahnı seçimi elan OLUNDU
"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.
Redaktor.az xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:
- göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;
- iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;
- Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;
- mahnı 2024-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.
Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq. Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, “Avroviziya-2025” mahnı müsabiqəsi gələn il may ayında baş tutacaq.