Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanlar aşkarlandı

 14:56 06.08.2024     727

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası zamanı bir neçə halda vəsaitin təyinatının dəyişdirilməsi hallarına yol verib.

Redaktor.az xəbər verir ki, bu barədə Hesablama Palatasının idarədə keçirdiyi auditin nəticələrində bildirilir.

"Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 2022-2023-cü illərdə ümumilikdə 97 milyon 951 manat vəsait tam olaraq əhatə olunub", - deyə Palatanın rəyində qeyd olunub.

"İdarənin əhatəsində olan 100 müəssisənin 2022-ci ildə 71 %-i, 2023-cü ildə isə 72 %-i gəlirlərin formalaşmasında iştirak edib, daha çox musiqi məktəbləri, eləcə də mədəniyyət evləri büdcədənkənar fəaliyyət göstərib. Bu isə, öz növbəsində, gəlir potensialının tam istifadəsinə şərait yaratmayıb. Dövlət vəsaitlərinin istifadəsi zamanı əvvəlki auditlə müəyyən edilmiş bir sıra nöqsanlar aradan qaldırılsa da, bəzi istiqamətlər üzrə analoji nöqsanlara yol verilib, eləcə də həmin nöqsanların əhatə dairəsi genişlənib.

Belə ki, əməyin ödənişinə dair toplanmış sübutlar əvvəlki audit üzrə müəyyən edilmiş nöqsanların təkrarlandığını göstərir. 2021-ci ildə keçirilmiş nəzarət tədbiri ilə əhatə olunmuş 2019-2020-ci illər və 2021-ci ilin 6 ayı üzrə həmin dövrün bir hissəsinin xüsusi karantin rejiminin tətbiq edildiyi vaxta düşməsi səbəbindən müqayisə 2019-cu ilin nəticələrinə əsaslanmaqla həyata keçirilib. Əməyin ödənişi qruplarının müəyyənləşdirilməsi prosesində mədəniyyət müəssisələrinin fəaliyyətini xaraktərizə edən hesabat göstəricilərinin hüquqi aktlarla müəyyən edilmiş dövr üçün nəzərə alınmaması əməyin ödənişi qrupunun yüksək təyin edilməsi hesabına tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsinə, bununla da vəsaitin artıq istifadəsinə səbəb olub. 10 mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) üzrə ümumilikdə 362 halda cəmi 99,4 min manat əmək haqqı düzgün ödənilməyib, əvvəlki auditin nəticələri ilə müqayisədə 5 MKS üzrə həmin nöqsan cari auditlə müəyyən edilib. Analoji nöqsan digər müəssisələr üzrə də müəyyən olunub, 22 mədəniyyət evi, klub, mərkəz və mədəniyyət sarayı üzrə cəmi 21,7 min manat, 4 teatr, konsert təşkilatları, bədii kollektivlər üzrə 200 min manat, 3 xatirə muzeyi və muzey tipli digər müəssisələr üzrə cəmi 1,3 min manat əmək haqqı düzgün ödənilməyib. Hüquqi aktların tələblərinə əməl olunmaması, başqa sözlə göstəricilərin diqqətə alınması üçün tələb olunan dövrün düzgün müəyyənləşdirilməməsi 1 halda əmək haqqının az ödənilməsi ilə nəticələnib, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi səbəbindən cəmi 12 min manat əmək haqqı az ödənilib. Əməyin ödənişi qruplarının düzgün müəyyən edilməməsi ilə yanaşı, əvvəlki auditdə olduğu kimi, artıq ştatların saxlanılması halları da təkrarlanıb. Belə ki, 10 MKS üzrə müvafiq olaraq cəmi 1 milyon 198,8 min manat, 8 mədəniyyət evi (klub, mərkəz, saray) üzrə 180,1 min manat, ədəbiyyat, xatirə muzeyləri və muzey tipli digər müəssisələrdən 31min manat əmək haqqı hesablanaraq ödənilib", - deyə Palata bəyan edib.