Qasım bəy Hacıbababəyov kimdir?

 11:16 13.08.2024     835

Azərbaycanda ilk teatr binası 1858 ci ildə Şamaxıda tikilib. Teatrın memarı şamaxılı Qasım bəy Hacıbababəyov olub. Bu istedadlı memar haqqında qısa məlumat vermək istəyirəm:  

Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Atası və böyük qardaşı Səməd bəy də memar idilər. 1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniyanın baş memarı kimi fəaliyyət göstərib. Dəhşətli 1859-cu il zəlzələsindən sonra Qasım bəy Hacıbababəyov da bir çox şamaxılı kimi Bakıya köçür. 1859- 1860 cı illərdə Şamaxının yenidən qurulmasının baş planını hazırlayır. Parapet bağı (Fəvvarələr bağı), Nizami muzeyi (1860) (karvansara kimi), indiki "Araz" k/t-nı kompleksi, Sahil (1860-1861), Sisiyanov parkı (1860), Vorontsov küçəsi 1-də yaşayış binası, (1870) Əyrı (Krivaya) küçəsindəki yaşayış binaları, (1870) Q.Hacıbababəyovun memarlğı əsasında tikilib.

Qayıdaq Şamaxıdakı teatrın inşası məsələsinə. Binanın tikilməsi üçün smeta xərcləri tutulanda məlum oldu ki, bina 1500-2000 manat gümüş pul müqabilində ərsəyə gələ bilər.

Həmin pulun 1500 manatını Şamaxı zadəganlarından Ata bəy Zeynalbəyov verir... Və bundan sonra teatr binasının tikintisinə başlanır. 1958 ci ilin yanvarında teatr binasının inşası başa çatdı.  

1858-ci ilin aprel ayında tetr binasında ilk tamaşa baş tutdu. Bu tamaşa barəsində “Qafqaz” qəzetinin 6 və 17 iyul 1858 ci il saylarında ətraflı məlumat var.

Qısa müddətdə bu tetrda göstərilən tamaşaların sədası bütün Azərbaycana yayılır. Şamaxı teatrnın tamaşalarına Şəkidən, Kürdəmirdən, Ağsudan və Bakıdan da tamaşaçılar gəlirdilər.

Çox təəssüflər olsun ki, 1859-cu ildə Şamaxıda baş verən dəhşətli zəlzələ zamanı dağılan binaların içərisində həmin teatr binası da var idi.

Zəlzələdən sonra Rusiya imperatoru şəhərə maliyyə yardımı ayrılması haqqında göstəriş verir. Lakin dəvət olunmuş alimlər, xüsusən dünya şöhrətli geoloq, Qafqaz geologiyasının mahir tədqiqatçısı German Abix dəhşətli dağıntıların davam edəcəyini proqnozlaşdırırdı. Məşhur alim "1859-cu ilin mayında Şamaxı və Ərzurum zəlzələsi” adlı əsərərində Şamaxıda gec-tez yeni zəlzələnin olacağını bildirdi. Bu səbəbə görə də quberniyanın mərkəzi Bakıya köçürüldü, quberniya isə “Bakı quberniyası” adlandırıldı.

Beləliklə, Şamaxı quberniya mərkəzi statusunu itirdi.

Sirac MUSTAFAYEV