Azərbaycanın ilk ali təhsilli memarı kimdir?

 18:26 05.09.2024     753

Nizami metrosunun qarşısında əzəmətlə dayanmış bir heykəl var. Əlində yeni inşa etdiyi tikilinin layihəsini tutmuş bu yaraşıqlı adam diqqətlə irəliyə,sanki indicə onun layihəsi ilə tikintisi gedən həmin binaya baxır. Bu “heykəl adam” bizim ilk ali təhsilli memarımız Zivər bəy Əhmədbəyovdur...

Vladiqafqaz, Bakı, Şamaxı kimi şəhərlərdə öz möhtəşəm  memarlıq əsərlərini gələcək nəsillərə miras qoyub getmiş  Zivər bəy Əhmədbəyov....

Zivər bəy haqqında nə bilirik?  

Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. Hələ gənc yaşlarından həmyerlisi memar  Qasım bəy Hacıbababəyovu (1811, Şamaxı–1874, Şamaxı) özünə ustad bilən Zivər bəy, Şamaxıda ziyalı bir ailədə böyümüşdü.

1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmiş Zivər bəy Avropa şəhərlərini səyahətə çıxaraq oradakı klassik memarlıq nümunələri ilə yaxından tanış olur. Sonralar gördüyü işlərdə Azərbaycan xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirməsi də onun aldığı mükəmməl təhsilin və Avropada tanış olduğu memarlıq incilərindən aldığı təsirin nəticəsi idi.

Təhsilini bitirdikdən sonra doğma yurdu Şamaxıya qayıdan Zivər bəy 1907 ildə Şamaxı şəhərinin baş memarı təyin edilir. Şamaxıda məhəllələrin düzgün planlaşdırılması və tikilməsinə, zəlzələ zamanı (1902) dağılmış Cümə məscidinin yeni layihəsinin hazırlanmasına böyük əmək sərf edir. 1910 cu ildə Bakıya köçür və Bakı şəhər idarəsində memar vəzifəsində işə başlayır.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra yeni milli hökumət tərəfindən Bakı şəhərinin baş memarı təyin olunur.

Zivər bəy qısa, 52 illik ömründə bir ustad memar kimi bu memarlıq incilərini xalqına miras qoya bildi:

Göyçay şəhərində məscid  (1902)

Təzəpir məscidi (1905–1914)

Muxtarov məscidi (1901–1908)

Səadət məktəbi (1912–1913)

Əjdərbəy məscidi (1912–1913)

Mixaylov xəstəxanasının korpusu (1912–1913)

Uşaq xəstəxanası (1914–1918)

Yaşayış binası (1914–1916)

Moskva Dövlət Əlyazmalar İnstitutu, 2010-cu il.

Rusiyanın Vladiqafqaz şəhərində də onun dini və məişət istiqamətli binaları var.

Ustad memar olması ilə yanaşı Zivər bəy Əhmədbəyov həm də xalqını sevən bir ziyalı,siyasi ictimai xadim idi.1918 ci ildə ermənilərin Bakıda, Şamaxıda və Azərbaycanın başqa bölgələrində törədikləri vəhşi qırğın və talanlarda yüzlərlə tarixi abidə də dağılaraq maddi soyqırıma məruz qalmışdı.

Həmin  abidələrin bərpasını həyata keçirmək məqsədi ilə Zivər bəyin təşəbbüsü ilə 1919-cu ildə “Yeni Şirvan” cəmiyyəti yaradılır. Bundan başqa 1918-ci ildə Bakının azad olunması zamanı həlak olan Azərbaycan və Osmanlı əsgərləri üçün xatirə kompleksinin layihəsinin hazırlanması da Zivər bəyə həvalə olunur. Hətta 1919-cu il sentyabrın 15-də həmin kompleksin təməli də qoyulur. Təssüflər olsun ki, 1920 ci ilin aprelində Azərbaycanın Sovet hakimiyyəti tərəfindən işğalı ilə bir çox mütərəqqi işlər kimi həmin abidənin də tikintisi dayandırlıb yerlə yeksan edilir.

Z.Əhmədbəyov Sovet hakimiyyətinin ilk illərində də fəaliyyətini davam etdirir. 1920-ci ildə şəxsən Nərimanovun göstərişi və Xalq Maarif Komissarlığının qərarı ilə yandırılmış Tağıyev teatrının binasının bərpa olunması Zivər bəy Əhmədbəyova tapşırılır. Amma işğalçı Sovet hakimiyyəti ilə işləmək iliyinə,qanına qədər milli ziyalı olan Zivər bəyin əlbəttə ürəyindən deyildi.Yeni hakimiyyət də Zivər bəyin onlara olan bu münasibətini hiss edərək,hər addımda onu təzyiqlərə məruz qoyurdular. İncə ruhlu, həssas Zivər bəy bu basqılara tab gətirməyərək, 1925-ci ildə canına qəsd edir və özünü evində güllələyərək intihar edir.   

26 may 2011-ci ildə Bakıda metronun “Nizami” stansiyasının qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. İstedadlı memarın heykəlinin məhz burada ucaldılması da təsadüfi deyil. Çünki metro stansiyasının sol tərəfində tikilən binanın müəllifi də Z.Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də Z.Əhmədbəyovun adını daşıyır.

Sirac Mustafayev