BMT Baş Assambleyası çərcivəsində NGBM-in ali səviyyəli toplantısı KEÇİRİLƏCƏK

 17:34 08.09.2024     485

BMT-nin 79-cu Baş Assambleyası çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti ali səviyyəli toplantısı keçiriləcək.

Bu barədə Redaktor.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov bildirib.

"Etimad və qlobal idarəetmə, iqlim tədbirləri: BMT-nin Gələcək Sammiti ilə COP29-un əlaqələndirilməsi" mövzusuna həsr olunan 30-cu Ali Səviyyəli toplantı BMT Baş Assambleyası çərçivəsində sabiq ölkə və hökumət başçılarının ən böyük toplantısı sayılır. Ali səviyyəli toplantının işində İngiltərə, Latviya, Türkiyə, Bolqarıstan, Belçika, Avstriya, Norveç, İsrail, Fillandiya, Xorvatiya, Sloveniya, Slovakiyanın sabiq liderləri ilə yanaşı, Ümümdünya Səhiyyə Təşkilatı, BMT-nin Davamlıq İnkişaf Proqramı, BMT-nın Miqrasiya Təşkilatı, habelə həmin beynəlxalq təşkilatın Qaçqınlarla iş üzrə Ali Komissarlığı, o cümlədən BMT-nın Baş Assambleyasının 67, 72, 73, 75, 77, 78-ci prezidentləri qatılacaq.

Qlobal idarəetmə, COP29, sağlamlıq, miqrasiya, qadınların cəmiyyətdə rolu, ətraf mühitlə mübarizədə maliyyələşmə və bir çox digər qlobal məsələlərin müzakirə olunacağı toplantıda COP29-a hazırlıq, qlobal istiləşməni 1,5C səviyyəsində saxlanılması öhdəliyinin təmin olunması, enerji keçidi üzrə təşəbbüslər müzakirə ediləcək.

Qeyd edək ki, toplantı çərçivəsində hər il ənənəvi təqdim edilən "Nizami Gəncəvi Beynəlxalq Mükafatı" yeni sahiblərinə təqdim olunacaq.