“Qadın həyat yoldaşına hörmət etməlidir...” – Əməkdar artist 

 15:40 09.09.2024     538

Son günlər qadın qətllərinin statistikası dəhşət saçır. Baş verən hadisələrə baxanda məlum olur ki, cəmiyyətimizdə qadınlara qarşı aqressiya xeyli artıb. Qətlin mahiyyəti isə eynidir -qısqanclıq, ailə-məişət problemi. Ər arvadını, oğul anasını, qardaş bacısını qətlə yetirir. Bir çox ekspertlər isə qətllərə səbəb kimi milli-mənəvi dəyərlərin arxa plana keçdiyini səbəb gətirirlər. 

Mövzuyla bağlı Redaktor.az-a danışan Əməkdar artist Nuriyyə Hüseynova kiçik dövlət olan ailənin dəyərlərinin çox vacib olduğunu bildirdi.

Xanəndə dedi ki, valideynlər arasında baş verən münaqişə övladların travmalı böyüməsinə və sonradan onların cəmiyyətdə xoşagəlməz hadisələr törətməsinə səbəb olur:

“Ailədə ata-ana münasibətləri, qadına olan sevgi, ailə başçısına olan hörmət sanki get-gedə itməkdədir. Özünüz də bilirsiniz ki, boşanmaların sayı çoxalıb, ailələr dağılır. Biz hamı eyni olsun deyə bilmərik, hamının düşüncə tərzi, həyata baxışı eyni ola bilməz. Amma hamı ailəsini, övladını, həyat yoldaşını birmənalı sevməli və hörmət etməlidir. Elə ən ağrılı məqam odur ki, o hörmət itir və nəticədə böyük problemlər ortaya çıxır. Mən də düşünürəm ki, milli-mənəvi dəyərlər itərsə, böyük-kiçik yeri bilinməzsə, maddiyat mənəviyyatdan önə keçərsə, orada hər şey bitər. Bütün bunların olmaması üçün mənəviyyatı bərpa etməliyik. Bütün dünya o mənəvi dəyərlərin üzərində bərqərar olub. Əgər bunun qarşısı alınmazsa, hadisələrin sayı getdikcə çox olacaq”.  

Vasif ƏLİHÜSEYN