"Xalq şairlərinin elə bayağı mətnlərini görmüşəm ki, Elzanın şeiri ondan çox-çox yaxşıdır"

 17:41 23.09.2024     686

"Elza Seyidcahana rəsmi xəbərdarlıq edilməsi, onun şeirlərindən daha gülməlidir".

Bu sözləri Redaktor.az-a yazıçı Şərif Ağayar Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin Katibliyi tərəfindən xəbərdarlıq edilməsini şərh edərkən dedi.

"Bunlar Elzanın şeirindən daha gülməlidir. O, şeir yazırsa, efirə verilməsin. Təbii ki, bunları edənlərin də hamısı maraq uğruna edir. Yazıçılar Birliyinin üzvləri, xalq şairləri, xalq yazıçılarının elə bayağı mətnlərini görmüşəm ki, Elzanın şeiri ondan çox-çox yaxşıdır. Bu, ictimai rəydir, xoşlayan da var, xoşlamayan da. İctimai rəy kimi tənqid edirsə, buna xəbərdarlıq olunmalıdır? Onda Çingiz Abdullayevə də yeni xəbərdarlıq olunsun. O, vaxtilə Yazıçılar Birliyinin qurultayında necə böyük ictimai etiraz yaratmışdı. Elzaya vəsiqəni verən də elə özüdür. Elza şair kimi onların 90 faizindən istedadlıdır. Ən azından onun ictimai bir zərəri yoxdur". 

Şərif Ağayar - Bioqrafiya.com

Yazıçı bu hadisələrin 1937-ci illərdə baş verən repressiya dövrünü xatırlatdığını qeyd etdi.

"Burada 1937 havası var. Bu, totalitar cəmiyyətlərdə lətifə mövzusudur. Dəhşətli burasıdır ki, biz faciələrlə bir yerdə, həm də lətifələrin içində yaşayırıq. Həyatımız gülməli bir vəziyyətə çatıb. Dünyada o qədər ictimai etiraz doğuran yazıçılar olub. Amma biz həmin dövrdə yaşamırıq. O qədər problem var ki, ictimaiyyət şeiri dərd edir", - deyə Şərif Ağayar bildirdi.

Xatırladaq ki, Elza Seyidcahanın "Tüpürcəyim baldır mənim" şeri ictimai qınağa səbəb olub.

Türkan İSGƏNDƏRLİ