İTV “18+” kateqoriyalı məzmuna görə məhkəməyə verildi

 15:25 08.10.2024     648

Audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Şura tərəfindən audiovizual yayımçıların proqramlarının monitorinqləri aparılır. 2024-cü ilin 9 ayı ərzində aparılan monitorinqlərin nəticəsi olaraq, televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, həmin faktlara görə yayımçılara 1 ümumi açıqlama ilə tövsiyə-xəbərdarlıq (elektron siqaret reklamları ilə bağlı bütün yayımçılara), 1 rəsmi xəbərdarlıq (erkən nikahın təbliğinə görə “Baku TV”-yə) olunmuş, 4 yayımçının proqramlarının yayımı müvəqqəti dayandırılan (ayrıseçkiliyin təbliğinə görə “MTV” 8 saat, müəllif hüquqlarını pozduğuna görə “ATV”, “ARB” və “ARB Günəş” hərəsi 3 saatlıq), 3 yayımçıya qarşı protokol (“Səhiyyə TV”-də reklamda müvafiq lisenziya məlumatlarının verilməməsinə görə 2 protokol, “İTV”-də “18+” kateqoriyalı məzmunun 6.00-23.00 aralığında verilməsinə görə 1 protokol) tərtib olunaraq məhkəməyə göndərilib.

Bundan başqa, texniki xəta səbəbindən yaranmış pozuntular da olub ki, bura səhər efirində Dövlət Himninin səsləndirilməməsi (5 fakt), reklam yayımı ilə bağlı (62 fakt), sponsorluqla bağlı (38 fakt), dövlət dili ilə bağlı (3 fakt), məhkəmə qərarı olmadan hər hansı şəxsin günahkar adlandırılması ilə bağlı (2 fakt), hüzn gunu ilə bağlı (4 fakt) texniki pozuntular daxildir. Belə pozuntular qeydə alınan kimi həmin yayımçılara bildirişlər göndərilib və xətanın aradan qaldırılması təmin olunub (apa).