"Söyüş güldürmək üçün istifadə olunursa, bu, sənət meyarlarına ziddir" - Kino və seriallarımızda biabırçılıqlar

 18:41 22.10.2024     110

Film və seriallarımızda etikadan kənar ifadələrin işlənməsi və hərəkətlərin edilməsi halları artıb. Bunlara ən çox da komediyalarda rast gəlinir. Filmlərdə belaltı zarafatlardan istifadə edərək izləyiciləri güldürməyə çalışırlar. Ancaq bu, çox vaxt uğurlu alınmır.

Bəs həm sinemalarda, həm də uşaqların izləyə biləcəyi televeziya kanallarında yayımlanan filmlərdə belə ifadələrdən niyə istifadə edilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan kinotənqidçi Sevda Sultanova bildirdi ki, söyüş güldürmək üçün istifadə olunursa, bu, qəbul edilən deyil və sənət meyarlarına ziddir:

"Dramaturgiya əgər imkan verirsə ki, bu vulqar söz, bu söyüş işlənməlidir və personajın xarakteri, düşdüyü situasiya imkan verirsə, hər hansı bir qeyri-etik sözü qəbul etmək olar. Əgər yox, o güldürmək üçün istifadə olunursa, bu qəbul edilən deyil və sənət meyarlarına ziddir. Başqa bir həqiqət də var ki, qeyri-normativ dialoqlara daha çox komediya filmlərində rast gəlmək mümkündür. Kommersiya filmlərində söyüşün istifadə edilməsi reytinqə hesablanır və əksər hallarda dramaturji vəzifə olmur".

Onun sözlərinə görə, dram kino, seriallarda isə duyğuya görə qeyri-etik sözlər bəzən yerinə düşə bilir:

"Şəraitə uyğun olaraq söyüş etiraz və ya mövcud vəziyyəti ifadə etmək üçün vasitə ola bilər. Məsələn, kriminalistlərdən bəhs edən bir hekayədə söyüşün olmaması qeyri-təbii görünərdi. Burda əsas ssenari müəllifinin, rejissorun söyüşə bəraət qazandıra və onu əsaslandıra bilməsidir". 

Azərbaycan kino aktyoru və rejissoru Elxan Cəfərov isə qeyd etdi ki, belə hallar kino camiəsində yaranan boşluqlardan irəli gəlir.

"Yerli kinolarda problemlər çoxdur. Bunu ancaq söyüşlərlə kifayətləndirmək olmaz. Qeyri-etik ifadələr bu problemlərin ən kiçiklərindəndir. Onları filmlərdən yığışdırmaq ən asan məsələlərdəndir. Kino dünyamızın yaxşılaşması üçün "Kino haqqında qanun"un yaranması ən yaxşı həll yollarındandır".

Türkan İSGƏNDƏRLİ