"İtkin əsgər son döyüşə getmisən" - Zülfqar Rüfətoğlunun şeiri

 09:56 10.11.2024     505

Xəbər verdiyimiz kimi, şair-jurnalist Zülfüqar Rüfətoğlu dünən vəfat etdi. Redaktor.az bu münasibətlə şairin "İtkin əsgər" şerini təqdim edir: 

 

İtkin əsgər İtkin əsgər, ölməmisən, bilirəm,

Sən eləcə son döyüşə getmisən,

Biz bilməyən nəsə bir sirr bilmisən,

Sən o sirri saxlamaqçün itmisən.

 

Biz burada qocalmışıq hamımız,

Sənsə bütün yuxularda cavansan.

Bacıların, qardaşların gözləyir,

Sən onlara ümid boyda gümansan.

 

İtkin əsgər, daha qızın böyüyüb,

Xəbərin yox, indi daha babasan,

Nə məzarın, nə ünvanın bilinir,

Sən Vətənsən, sən ocaqsan, obasan.

 

İtkin əsgər son döyüşə getmisən,

İrəlidə hələ neçə döyüş var.

O şəkildən niyə elə baxırsan?

Bilirsən ki, irəlidə görüş var…