"30 min manatla film çəkmək gülməlidir" - Şeyx Əbdül
Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin (ARKA) təşkil etdiyi “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nə təqdim edilən tammetrajlı bədii filmlərə 30 min, tammetrajlı sənədli filmlərə 20 min, qısametrajlı bədii və sənədli filmlərə 15 min qısametrajlı animasiya filmlərinə isə 13 min manat məbləğində vəsait ödəniləcək.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov bu məbləğin dəstək üçün yaxşı olduğunu, ancaq tam film üçün kifayət etmədiyini bildirdi.
"İndiki dövrdə 30 min manatla film çəkmək gülməlidir. O məbləğlə çəkilən filmin nə keyfiyyəti olacaq ki? Müəyyən dəstək üçün başa düşmək olar. 30 minlə camaat heç bu gün bazara getmir. Yumurtanın biri 50 qəpik, pomidor da 5 manatdır. Hər şey bahalaşıb. Kino sahəmizin inkişafı üçün maddiyatdan qaçmamalıyıq. Fikirləşməsinlər ki, çox pul qoyub, az götürəcəyik, qazanc olmayacaq. Əksinə yaxşı işi görüb qiymət verəcəklər. Onda xərclədiyindən daha çox qazanacaqsan. Belə olanda da filmlərimiz ilk olaraq ölkədə sonra beynəlxalq aləmdə tanına bilər", - deyə Xalq artisti qeyd etdi.
Türkan İSGƏNDƏRLİ