Kimdir Aleksandr Duqin?
Rusiyalı jurnalist, politoloq və Avrasiyaçı fəal, Daria Aleksandır qızı Platonova (Duqina) 2022-ci il 20 avqustda qətl edildi. Təxminən saat 9 radələrində Moskva vilayətinin Mojaysk şossesində onun idarə etdiyi avtomobildə partlayıcı qurğu işə düşdü və 30 yaşlı gənc jurnalist həlak oldu. Bütün dünya mediyası bu qətlin Aleksandr Duqin üçün olduğunu anladı, etiraf etdi və bəziləri də qətlin ünvanına çatmadığı üçün təəssüf etdi. Kimdir Aleksandr Duqin və nə üçün ona ünvanlanmış qətl insan hüquqları müdafiəçilərini narahat etmədi? Duqin əgər bir alimdirsə onun yazdığı və ya ifadə etdiyi sözlərə görə məgər qətl etmək lazımdır?
1994-cü ildə Fransanın “Aktuel” jurnalı (М43/44/45,1994) rusiyalı professor, sosiologiya üzrə elmlər doktoru, politologiya üzrə elmlər doktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Aliksey Duqini "postkommunist dövrünün ən nüfuzlu mütəfəkkiri" adlandırır.
Alim, 1962-ci ilin yanvarında Moskvada, Sovet Müdafiə Nazirliyinin Baş Qərargahı, Baş Kəşfiyyat İdarəsinin general-mayoru Geliy Aleksandroviç Duqinin (1935-1998) ailəsində dünyaya gəlib. A.Duqin 1979-cu ildə Moskva Aviasıya institutuna daxil olur və ikinci kursda institutdan xaric edilir. Ehtimal etmək olar ki, nəticədə tam ali təhsil almır. Lakin, 90-cı illərdə elmi dərəcə müdafiə edərkən Novoçerkassk Mühəndislik və Meliorasiya İnstitutunu qiyabi oxudugu ilə əlaqədar sənəd təqdim edir ki, bu kimi sənədlərin yoxlanılması çətindir. O illərdə Moskva şəhərinin metro stansiyalarında hər cür diplomu münasib qiymətə almaq olardı.
Diqqəti cəlb edən hadisələrdən biri Duqinin tanınmış azərbaycanlı islam tədqiqatçısı, filosof Heydər Camal ilə dosluq etməsidir. 1980-ci illərin sonlarında o, Heydər Camal ilə birlikdə bir neçə ictimai birlikdə fəaliyyət göstəriblər. Birlikdə ezoterika və mistisizmlə maraqlanır və cəmiyyətdə müzakirələrdə iştirak edirdilər. Disident təşkilatları ilə əlaqələrinə görə Duqini cəmiyyətdən uzaqlaşdırırlar.“QKÇP” hadisələri zamanı xatirələrinde deyir: “Sovet İttifaqını ilk dəfə onun ölmək üzrə olduğu anda sevdiyimi başa düşdüm”.
O, 1980-ci ildə, hələ 18 yaşında olarkən rusiyalı Yevgeni Qolovin tərəfindən yaradılan və yeni sağçılar hesab edilən "SS-in Qara Ordeni" dərnəyinə qoşuldu. Duqin özünü Qolovinin tələbəsi hesab edirdi. 1990-1992-ci illərdə bir sıra qəzet və jurnal məqalələri yazır, kitabların və Rusiyanın Birinci Kanalında (TV) yayımlanan “Əsrin sirləri” televiziya proqramının hazırlanmasında iştirak edir, məxfiliyi ləğv edilmiş DTK arxivləri ilə işləyirdi. Müxtəlif illərdə müxtəlif mətbu orqanlarına rəhbərlik edir.
1993-cü ildən 1998-ci ilin aprel ayına qədər – faşıst ideoloqu və millətçi partiyanın liderlərindən biri olan Eduard Limonovun komandasına daxil olur. Bu partiyadan çıxanda, Duqinin özünün dediyinə görə, ideoloji fərqlər, xüsusən də Limonovun aydın ifadə olunmuş siyasi mövqeyinin olmamasını səbəb göstərir.
1997-ci ildə onun məşhur “Geosiyasətin əsasları” kitabı çap olunur ki, bu kitab Baş Qərargahın Akademiyasında dərslik olaraq tədrisə cəlb edilir və o, daha geniş auditoriyada tanınır.
1998-2003-cü illərdə Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Nikolayeviç Seleznyovun müşaviri olaraq fəaliyyət göstərir və 2000-ci illərdən universitetlərdə “siyasətin fəlsəfəsi” mövzusunda mühazirələr oxumaga başlayır. 2016-2017-ci illərdə “Tsargrad” telekanalının baş redaktoru olur.
A.Duqinin çıxışlarında radikalizm və aqressiya 2000-ci illərdən başlayaraq qabarıq hiss olunur. O, nə qədər geniş diapazonlu populizmlə məşgul olsa da V.Jirinovskidən geridə, onun kölgəsində qalırdı. V.Jirinovskinin yəhudi əsilli olması və hər hansı bir ittifaqı qəbul etməməsi rus mentallığına tam uygun gəlirdi. Lakin hakim dairələrdə A.Duqinin rus əsilli olması və türk xalqlarıyla ittifaq modeli təklif etməsi daha cazibədar görsənirdi.
A.Duqini Ukrayna müharibəsinin ideoloqu hesab edənlər konkret misal göstərməkdə çətinlik çəkirlər. Doğrudur ki, Ukraynanın Rusiya tərəfindən mənimsənilməsi ilə əlaqədar o, öz çıxışlarında fikirini açıq elan edirdi. Lakin bu fikirləri müxtəlif formalarda elan edənlər Rusiyada çox idi. Nəhayət, o, irticaçı fikirlərinə görə 2014-cü ildə Avropa Birliyinin sanksiya siyahısına, 2015-ci ildə isə ABŞ və Kanadanın sanksiyaları siyahısına daxil edildi.
A.Duqinin hərbi xidmətdə olması və hər hansı hərbi bacarıqları haqqında da heç bir məlumat yoxdur. O, nə Krımın işğalında, nə də 2023-cü ilin fevralında başlayan Rusiyanın Ukraynaya hücumu zamanı hərbi proseslərdə iştirak etməyib. Şübhəsiz ki, işğalı dəstəkləyib, lakin Rusiyada işgalı dəstəkləyən minlərlə ziyalı var və onlar öz işğalçı fikirlərini gizlətmirlər.
A.Duqin müəmmalı bir tərcümeyi-hala malikdir, absurd fikirləri geniş Rusiya auditoriyasında cazibədar görsənsə də dünya elmi fikrində xüsusi çəkiyə malik deyil. Lakin bu fikirlərinə görə bir sıra qurumlar tərəfindən ölum hökmü verilmiş bu avantürist həmin hökmlə yaşamağa davam edir.
Pərviz Kazımi,
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru