"Dil bizə təkcə kino çəkmək, hekayə yazmaq üçün lazım deyil" - Yazıçı

 12:40 19.02.2025     168

Ana dilinin əsas funksiyası o dilin digər daşıyıcıları ilə ünsiyyət qurmaq, anlaşmaq, birgə fəaliyyəti tənzimləmək, bir sözlə, qalib gəlmək, qələbə çalmaqdır. "Qəsəbə" demir, "kasaba" deyir. Əcəb eləyir.

Redaktor.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib. Yazıçının sözlərinə görə, türk dilinin məkanımıza daxil olmasına sevinməliyik:

"Böyük dalğa kiçik dalğanı udmalıdır. Sevinməliyik ki, bu, məkanımıza tankın belində soxulan rus, ingilis, ərəb, fars dili deyil, doğma türk dilidir. Dilimizin adını "Azərbaycan dili" eləyənlər bu millətin digər türk xalqları ilə qaynayıb-qarışmaq perspektivini qapamaq istədilər. Çünki birliyə aparan bu yol onların sonu demək idi. Ancaq onlar bu genetik birliyin qarşısını almaqda acizdirlər. İnşallah, xalqlarımız birləşəcək və vahid, ortaq türk dilində danışacaq.

Bu gün və böyük tarixi perspektiv üçün bizə "qəsəbə" sözündən vacib olan məsələ bizi özbəyin, qazağın, qırğızın və başqalarının sərbəst, tərcüməçi olmadan başa düşməsidir. Bu yolda bütün türk dillərinin müəyyən morfoloji itkilərə məruz qalması qaçılmazdır. Amma bunun əvəzində biz yenilməz, vahid türk dövləti birliyi qazanacağıq ki, bu da üstümüzdə yadellilərin hökmranlığına son qoyacaq, inşallah!

Bu gün dil bizə təkcə kino çəkmək, hekayə yazmaq üçün lazım deyil. Sən yaxşı kino çək, yaxşı hekayə yaz, onu bütün türk ləhcələrində dublyajsız da başa düşəcəklər. Yoxsa ki, "qəsəbə" demədi, "kasaba" deyib evimizi yıxdı! Vaxsey!".

 Qeyd edək ki, kinorejissor Ayaz Salayevin verilişdə deyib ki, “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur”. Xalq şairi Sabir Rüstəmxanlı isə ona belə cavab verib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”.

Vasif