Xocalı abidəsi hamının başa düşəcəyi dildə olmalıdır - heykəltəraş

 17:30 27.02.2025     265

Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalqına qarşı törədilən soyqırımın beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının xatirəsi əbədiləşdiriləcək. Kompleksdə abidənin olması da gözləniləndir. 

Bəs bu abidə necə olmalıdır ki, baxanda hər kəs onda Xocalı soyqırımının ağırlığını görsün, gələcək nəsillər üçün unudulmaz bir miras olsun?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllimi, heykəltəraş Elxan Zeynalov bildirdi ki, Xocalı abidəsi faciənin ağırlığını ifadə etməli, lakin bunu sadə və güclü vizual dillə çatdırmalıdır.

"Azərbaycan xalqının, mədəniyyətinin, tarixinin təbliğatı çox vacibdir. Abidədə Xocalıda yaşanan o böyük soyqırım əks etdirilməlidir. Yəni orada hər şeyi diktə etməyə ehtiyac yoxdur. Amma sadə yanaşmalarla böyük mənaları ifadə etmək olar. Məsələn, sovet vaxtı heykəltaraş Nikolay Tomski düz müstəvi üzərində bir dənə sovet bayrağını heykəl formasında düzəltmişdi. O bayrağın da önündə iki dənə əsgər çəkmələri qoyulmuşdu və bu abidə nəyi göstərirdi? Həmin abidə müharibədə itkin düşən bütün əsgərləri təmsil edirdi. Yəni bu cür xırda bir yanaşmayla görün nə dərəcədə böyük necə fikir izah eləmək olar. Bir əsərdə hissiyyat istedadı çox böyük bir rol oynayır. Ona görə ki, o, Xocalı hadisəsindən təsirlənsin, həqiqətən də Xocalı hadisələri onun ürəyində dərin olsun. Hadisə barədə məlumatın olmalıdır ki, yanaşmanı göstərə bilsin", - deyə heykəltəraş qeyd etdi.

E.Zeynalov əlavə etdi ki, Xocalı faciəsini anlamaq və ifadə etmək üçün sənətçi bu hadisədən dərin təsirlənməli, tarixi dərindən bilməlidir:

"Burada avanqardizm, abstraksionizmdən uzaq olunmalıdır. Burada bir az məsələyə realistik yanaşılmalı, bir az orada kompozisiya olmalıdır. "Nəsimi" kinosunda bir səhnə var. Orada Teymur obrazı tarixi yazdıranda deyir ki, "necə deyirəmsə, o cür yaz, xalq dilində, hamı başa düşəcək dildə". Xocalı abidəsi də hamının başa düşəcəyi dildə olmalıdır. Xocalı abidəsinə baxanda heç bir yazılı izaha baxmadan oradakı ağırlığı, fraksionu, dramı görməlidir. Müəllif onun haqqında məlumat verirsə, bu artıq abidə sayılmır. Heykəltəraş yazıçı deyil".

Türkan İSGƏNDƏRLİ