Od çərşənbəsi odun müqəddəsliyinə inamın bayramıdır

 09:22 04.03.2025     70

Bu gün İlaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir.

Redaktor.az AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Şakir Albalıyevin Od çərşənbəsi haqqında qeydlərini təqdim edir.

İlaxır çərşənbələrin ikincisini Od çərşənbəsi kimi səciyyələndirən tədqiqatçılar bunu od kultu ilə əlaqəli izah edirlər. Ayrı-ayrı bölgələrdə odu müqəddəsləşdirməklə bağlı müxtəlif əfsanə və rəvayətlər, inanclar və s. yaşamaqdadır. Başqa sözlə, folklorumuzun müxtəlif janrlarında bu tipli nümunələrin olması həm də od kultunun xalq təfəkküründə tam oturuşduğunu göstərir. “Od Baba və Gözəl Şahu” adlı mifoloji rəvayətdə də bunun əyani təzahürünü görürük: “Deyirlər, Qonaqkənd atəşgahının keşiyini çəkməyi Od baba hər axşam bir qıza tapşırardı. Bir gün də növbə gözəl Şahuya çatır. Şahu məşəli yandırıb keşikdə dayanır, getdikcə onu alovlandırır. Yer-göy məşəlin şöləsinə qərq olur. Gecənin bir aləmində Od baba atəşgaha gəlir. Şahunun yandırdığı məşəllərin gur işığı Od babanın gözünü qamaşdırır. Od baba deyir:

– Məşəlin gözümün işığını apardı, ey Şahu! Sən məşəldən də şöləli, atəşimdən də işıqlısanmış...

Şahu Od babanın qarşısında təzim edib deyir:

– Mərhəmətli Od babam istəsə mən öz canımı da ona fəda edərəm.

Şahu özünü atəşgahın gur ocağına atmaq istəyəndə Od baba onu tutur.

– Yox, gözəl Şahu, mən adamların həyatını əlindən almıram. Onlara həyat verirəm. Əbədiyyət verirəm. Nəfəsinə qüdrət verirəm.

Elə bunu deyib Od baba gözəl Şahunu öpdü. Od babanın nəfəsindən bülənd olan alov əvvəlcə Şahunun başı üstə dövrə vurdu, sonra dolanıb nəfəsinə qarışdı. Şahu bir anlıq gözünü yumdu, Od babanın nəfəsindən qalxan alovu şərbət kimi içdi.

Şahu gözünü açanda yenə özünü atəşgahın keşiyində gördü. O, səsində qüvvət, gözündə işıq, nəfəsində qüdrət hiss etdi. Elə o gündən atəşgahda qaldı. Məbəddə yaşadı...

Deyirlər, bir gün As hökmdarı Şirvan torpağına hücum etdi. Bütün atəşgahları dağıda-dağıda gəlib Qonaqkəndə çatdı. Döyüşçülər əli qılıncda məbədə girdilər. Şahu qabağa çıxdı. As hökmdarına qoşununu atəşgahdan çıxarmağı əmr etdi. Ancaq azğın hökmdar əmrə itaət etmədi. Onda Şahu düşmən üstünə ağzından od ələməyə başladı. Şahunun püskürdüyü od-alov düşməni yandırıb-yaxdı. As hökmdar aman istədi. Ancaq Şahu qoşunu qabağına qatıb qovmağında davam elədi.

Hökmdar müdrik asları yığdı ki, tədbir töksünlər.

Heç kəs bir əlac edə bilmədi. Əjdaha cildinə düşmüş Şahu dağılmış çox atəşgahların daş-torpağı üzərində düşmənin qanını tökdü.

Dördüncü gün azğın hökmdarın hüzurunda qırmızı saqqalı dizinə dəyən bir qoca peyda oldu. Hökmdar qocaya çox yalvardı. Ürəyi yumşalan qoca dedi:

– Sənə bir halda kömək edə bilərəm ki, dediyim iki şərtə əməl edəsən. Birinci şərtim odur ki, yıxdığın hər atəşgahın əvəzinə ikisini tikəsən. İkinci şərtim odur ki, qıza toxunmayasan, sehri açılan kimi onu mənə verəsən.

As hökmdarı razı oldu.

Qoca qıza yaxın gəldi. Onun sehrini sındırdı. As hökmdarı şərtinə əməl etdi. Şahuya toxunmayıb geri qayıtdı. Dağıtdığı hər atəşgahın yerində ikisini tikdi.

Qoca Şahunu götürüb Qonaqkənd atəşgahına gəldi. Atəşgahın altında axan bulağın suyundan içib cavan oğlan oldu. Bu sudan gözəl Şahuya da içirtdi. Hər ikisi əbədi həyata qovuşdu. Evlənib atəşgahda yaşamağa başladılar.

Deyirlər, elə indi də gözəl Şahu ilə Od baba o dağlarda yaşayır. Hər ilin Od çərşənbəsində Qonaqkənd atəşgahına gələnlər sübh tezdən onları atəşgahın başında görürlər”.

Bu mətndən də aydın olur ki, Od ilahi müqəddəslik şəklində təsvir olunur. Şahu adlı gözəl özünü oda-atəşə atıb, qurban vermək istəsə də, Od baba buna imkan vermir və deyir: “Mən adamların həyatını əlindən almıram. Onlara həyat verirəm. Əbədiyyət verirəm. Nəfəsinə qüdrət verirəm”.

Bu kəlmələrdə, əslində, xalq mifologiyasındakı odun yaradıcılıq enerjisi olduğu ideyası ifadə olunub. Yəni bir var yandırıcı – məhvedici, öldürücü od-atəş, bir də var qoruyucu müqəddəs od. Demək, Od çərşənbəsində insanlar bu qoruyucu, həyatverici, əbədiyyət gətirən Od ruhuna – mifoloji rəvayətdə adı keçən Od babaya tapınır, Od babanın şərəfinə od üstündən atlanırlar. Tonqalın üstündən tullanan mərasim iştirakçıları tonqalın alovunun onları yandırıb qarsacağından ehtiyatlanmırlar, çünki bilirlər ki, bu od ruhu təmizləyən, insanlara cavanlıq bəxş edən Od babanın xilaskar ruhudur. Bu səbəbdən də çərşənbə tonqalı da, yandırılan şamlar da müqəddəs od kultuna inamı simvollaşdırırlar.