"Plastik əməliyyatların əleyhinə deyiləm, amma..." - Xalq artisti

“30 dəfə əməliyyat keçirmişəm (gülür). Aktrisa elədir ki, yaşlı obrazları oynamasa, kim oynayacaq?! Hər yaşın öz dövrü, tələbi var. Bir gün mənə dedilər ki, səni filmə çəkəcəyik, “Sarıköynək və Valehin nağılı”na. Dedim mən kimi oynayacağam? Dedilər Sarıköynəyi. Bildirdim ki, mənim 28 yaşım var, 18 yaşındakı qızı canlandırmayacağam. Söylədilər ki, bu, kinodur, dedim yox, oynamayacağam. Soruşdular, bəs kimi fikirləşirsən? Dedim bir qız var, onu gətirəcəm, baxarsınız. Mehriban Xanlarovanı gətirdim, təsdiq etdilər. Həmin film də tarixə düşdü. Həmişə düşünmüşəm ki, kino nə qədər aldadıcı olsa da, yaş nəzərə alınmalıdır. Teatrda aldatmaq olur, kinoda bu mümkün deyil”.
Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova qonaq olduğu “Bir gün” verilişində deyib.
O, həmçinin plastik əməliyyatlardan da söz açıb: “Mən plastik əməliyyatların əleyhinə deyiləm. Amma bizim sənətimizdə plastik əməliyyatlar bizi təəccüblənməkdən, təbii hisslərdən, hissləri cizgilərimizlə göstərməkdən məhrum edir. Ona görə də bacardığımız qədər plastik əməliyyatlardan uzaq olmalıyıq. Bu o demək deyil ki, mən özümə fikir vermirəm. Hər səhər idmanla məşğul oluram.
Plastik əməliyyat keçirməmişəm. Allah qismət eləsə, 90 yaşımda fikirləşərəm. Mən plastik əməliyyatdan qorxuram. Çünki Allah nə yaradıbsa, odur, ona müdaxilə etmək düzgün deyil. Yaş kompleksim yoxdur. Hər zaman hər yerdə qışqırıram ki, 67 yaşım var”.