Şeyx Əbdül onları duelə çağırdı: "Faktlarla danışacam..."

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev müsahibəsi zamanı jurnalistin Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla bağlı suallarını cavablandırarkən “Özündən soruşun. Hədyan, yalan, şər, böhtan-hamısı ondan gəlir” deməsi Şeyx Əbdülü özündən çıxarıb.
Məsələylə bağlı Redaktor.az-a danışan Şeyx Əbdül Rasim Balayevdən və Şəfiqə Axundovadan incidiyini bildirib:
“Bir halda ki, “özündən soruş” deyir, mən özüm deyirəm. Çünki bütün fəaliyyətin hamısı göz qabağındadır. Birinci ittifaqda olan fəaliyyətin, Rüstəmdən sonra qoyub qaçmağın, təzədən gəlib həmin yerə yığılmağın filan, bu şeylərin heç birisini qəbul etmirsən. Efir var, tarix var, get bax, bu bir. Mənimlə siz niyə düşmən oldunuz? Mən nəyin davasını edirdim ki? Şəfiqə xanımın arxasınca ən çox danışansən idin. Qırırdınız bir-birinizi, topa-tüfəngə tuturdunuz. Onda mən ortaya çıxdım. Şahidlər var, nazirlikdən də hamı bilir. Mən məsələni razılaşdığımız şəkildə gündəmə gətirdim: qarşıdurmalar getdikcə artır, rüsvay oluruq. 30 ildir ortada kino yoxdur, amma biz bir-birimizi qırırıq. Belə çıxır ki, bəzi maraqlar var. Maraq isə bunların nəfsindən ibarətdir. Bu iki ittifaq elə bil sex idarə edirdilər. Xüsusi sexləridir sanki, oturub kef edirlər. Mən buna qarşı çıxdım. Çox uzun mübarizələrdən sonra kino camiəsini birləşdirdim. 30-40 ilin dostu Balayev indi münasibətini nəyə görə dəyişdi ki, mənimlə? Çünki ittifaqı birləşdirirdik və bilmirdi ki, kim sədr seçiləcək. Şəfiqə xanım da bilmirdi kim seçiləcək, başqa-başqa kadrlar da, nümayəndələr də, kino adamları da var idi. Bu ittifaqlar ictimai təşkilat deyil. Kino xadimləri, kino adamları, ehtiyacı olan xadimlər üçün dövlət buna vəsait ayırıb, yoxsa özləri üçün kef etsinlər deyə verilməyib. Bunların bu nə öz malıdır, nə də dədələrinin malı”.
Xalq artisti dedi ki, Nizami Kino Evində Şəfiqə Məmmədova ilə Rasim Balayev hər ikisi rəsmi surətdə durub deyiblər ki, "biz fəaliyyətimizi dayandırırıq, bir yerdə fəaliyyət göstərməyə hazırıq":
“Mənə də nazir söz verdi ki, “Şeyx, bu sənin təşəbbüsündür.” Hamı şahid idi. Dedim ki, mənim davam kino davasıdır. Önəmli olan kino camiəsidir. Əgər bunların şəxsi maraqları yoxdursa, niyə mənlə düşmən oldular ki? Dedim ki, gəlin parçalanmayaq. Ondan sonra arada toplantı oldu və biz qərara aldıq ki, konfrans keçirib rəsmən birliyi elan edəcəyik. Daha mən bilmirəm, onlar Şəfiqə xanımla harada danışdılar. Şəfiqə xanıma deyiblər ki, sən istefa verirsən. Şəfiqə xanım konfransda durub rəsmi istefa verdi və bəlli oldu ki, yuxarılarda da Balayevin namizədliyi razılaşdırılıb. Mən də səs verdim. Şərtimiz də belə oldu ki, 6 ay sonra qurultay keçiriləcək. Məsələ burasında oldu ki, 6 ay sonra keçiriləcək qurultayda müzakirələr olmalıydı, sədr seçilməliydi, gizli səsvermə aparılmalıydı, filan. Bu prosedurların heç biri olmadı. Nə himn oxundu, nə şəhidlərin xatirəsinə söz verildi, iclas kimi oldu.
Bunlar artıq yerlərini möhkəmlədib oturub, kinonun adından danışırlar. Adam bilmədiyi işi necə düzəldə bilər? İttifaqın kinoya nə aidiyyəti var? İttifaq kino xadimləri, yaşlı, xəstə, imkansız adamlar üçün yardım fondudur. Bu, ictimai təşkilat deyil, dövlət büdcəsindən maliyyələşir. Mən elə onun davasını edirdim ki, necə olur ki, dövlət tərəfindən maliyyələşdirilən təşkilat ictimai olur və sədr olur buranın sex rəisi, nə istəyir onu edir. Amma burada demokratik yol lazımdır, seçki yolu ilə həll etmək lazımdır. 1 ilə yaxın nizamnamə təşkil olundu, nizamnamədə məntiqsiz, mənasız şeylər yazılıb. Bunu da gizlədib heç kəsə göstərmirlər".
Şeyx Əbdül xatırlatdı ki, Şəfiqə Məmmədova istefa verəndə, onunla yeganə görüşən şəxs özü olub.
"Məsələ burasındadır ki, mən onu müdafiə edirdim. Birləşmə ideyası mənə məxsus olduğu üçün mənə kin saxlayırlarmış. Mənim mübarizəm birlik mübarizəsi idi. Kino adlı iki ittifaq ola bilməz. Dünyada belə şey yoxdur. Mən təklif etdim ki, ittifaqlar ləğv olunsun, büdcəsi “Kinostudiya”ya verilsin. Çünki kino ilə bağlı hər şey burada həll olunur... Ora sənin xüsusi sexindir, bəyəm? Şəfiqə xanım orda istefa verib çıxıb gedib. Hətta Şəfiqə xanım çıxıb getdiyi üçün Oqtay Mirqasımov küsüb çıxıb getdi. İştirak etmədi. Rasim, sən ittifaqı qoyub qaçmısan. İkinci olaraq sən Rüstəm İbrahimbəyova 20-30 ilə yaxın katiblik etmişdin, ona qarşı çıxdın. Və təzdən qayıdıb yerinə gəldin. Qayıdacaq ittifaq var idi, niyə onu dağıtdın? Çünki sənin günahın ucbatından. Rüstəm siyasətə gedirdi, qurultay çağırıb Rüstəmə deyərdik: “biz siyasətlə məşğul olmuruq, sənə yaxşı yol.” Qurultayı keçirib, Rüstəmi yola salıb oturardıq ittifaqımızda. O boyda dövlət ittifaqı pis günə qaldı. Dövlət də götürüb bunu bağladı. Əvəzində ikinci bir ittifaq yaratdı. Şəfiqə də oturdu orada. Əli Həsənov sağdır. Əli Həsənov şəxsən bizi 3 dəfə dəvət etdi. Rüstəm əhvalatından sonra ittifaq dağıldı. Rasim qoyub qaçmışdı. Birinci katib ola-ola, belə cəsur kişiydi, niyə ittifaqı qoyub qaçırdı? İttifaqı birləşdirib xəyanəti barışığa çevirmək istəyən olur xəyanətkar. Onun üçün mənim adımı çəkmək ona ayıbdır. Mən onu dəvət edirəm. İstəyir Şəfiqə də gəlsin, kim istəyir gəlsin, mən hamısına bir-bir faktları göstərim. Məqsəd nədir, niyə belə olub, niyə düşmən kəsiliblər, necə hazırın naziri olublar, danışım. Onların heç birinin haqqı yoxdur adi yerdən gəlib şahlıq etməyə. "İstiqlal" ordeni alana qədər səsi çıxmırdı. O Şəfiqə baş məsləhətçi olub. Şəfiqə nə bilir kino nədir? Şəfiqə “Kinostudiya”da 42 il bundan əvvəl olub. Biz özümüz oranı Allah-Allah deyərək qoruyuruq, amma orden, medal alan bunlardır. Onlar ölkəni də aldadır. Dövlət səviyyəsində bu məsələ həll olunsun, mən aydınlıq gətirim. Kimlərinsə şəxsi marağına yox. Ya da bağlanmalıdır. Belə “Kinostudiya” olar? Rasim, mən səni bağışlamışdım. Amma sən ki, belə başladın, gərək mən faktlarla danışım. Mən hər ikisiylə hardasa görüşüb, bütün məsələlərə aydınlıq gətirib danışaram. Qoy xalq bilsin ki, kim kimdir. Qoy kimsə kino ilə məşhurlaşıb kinoya daş atırsa, xalq tanısın”, - deyə Xalq artisti sözlərini yekunlaşdırdı.
Vasif ƏLİHÜSEYN