Merzifon Kitab Sərgisində Azərbaycan stendi açıldı - Fotolar

Amasiya bölgəsinin ən böyük mədəniyyət tədbiri - 8-ci Merzifon Kitab Sərgisinin açılışı olub.
Redaktor.az xəbər verir ki, sərgidə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendini təşkil edib.
İlk öncə Merzifon şəhər meydanında Kitab Sərgisinin rəsmi açılış mərasimi olub. Çıxışçılar bölgənin ən böyük mədəni hadisəsi olan Merzifon Kitab Sərgisi vasitəsi ilə on minlərlə oxucunun kitab və yazarlarla görüşdüyünü bildirib, mədəniyyətin, ədəbiyyatın təbliği, yeniyetmə və gənclərin mütaliə vərdişlərinə yiyələnməsinin önəmini qeyd ediblər.
Yüzlərlə nəşriyyatın və yazarın iştirak etdiyi Merzifon Kitab Sərgisi, sadəcə kitabların təqdim olunduğu bir məkan olmaqdan əlavə, mədəniyyət və fikir dünyasına töhfə verən mədəni görüş platforması olduğu söylənilib.
Sərgi çərçivəsində ölkəmiz üçün ayrılmış stendi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edib.
Azərbaycan stendində dövlətçiliyimiz, Ulu Öndər Heydər Əliyevin irsi, müasir Azərbaycanın nailiyyətləri, tariximiz, mədəniyyətimizə aid kitablar sərgilənir. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin klassik irsimizə dair Türkiyə türkcəsində nəşr etdiyi kitablar, İstanbuldakı “Zəngin yayınçılıq” nəşriyyatının Azərbaycanla bağlı nəşrləri təqdim olunur.
Qeyd edək ki, Merzifon kitab sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin Nizami Gəncəvi “Xəmsə”sinə aid “İskəndərnamə” və “Sirlər xəzinəsi”, Bəxtiyar Vahabzadənin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə “Özümüzü kəsən qılınc”, habelə Azərbaycan uşaq yazarı Solmaz Amanovanın “İlmənin macəraları” adlı əsərlərin Türkiyə türkcəsinə tərcümə olunmuş nəşrlərin təqdimatı planlaşdırılır.
Türkiyənin bir sıra aparıcı nəşriyyatlarının iştirak etdiyi sərgidə kitabsevərləri kitabların imzalanma mərasimi, söhbətlər, panellər və seminarlar da nəzərdə tutulur.


