Azərbaycanda vahid pasport sistemi YARADILDI

 13:42 14.06.2025     138

Ölkə ərazisində qeydiyyatda olan tarix mədəniyyət abidələrinin vahid pasportu olacaq.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülən abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənəd – pasport vahid forma və qaydada deyil, hər bir qurum (Mədəniyyət Nazirliyi, Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi) tərəfindən fərdi qaydalarda hazırlanırdı. Bu baxımdan, daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və vahid pasport formasının təsdiq edilməsi zərurəti yaranmışdı.

Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik təklif edilib. Həmin təkliflər əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq olunub.

Qeyd edək ki, qanunvericiliyə edilən yeni dəyişiklik mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.