"200 il öncə türkmən və Azərbaycan mədəniyyətini fərqləndirmək belə mümkün deyildi..."

Humanitar və mədəni əməkdaşlıq çərçivəsində Azərbaycanda 2025-ci ilin oktyabr ayında Türkmənistanın mədəniyyət günləri keçiriləcək. Gələn ilin aprel ayında isə Türkmənistanda Azərbaycanın mədəniyyət günləri keçiriləcək.
Azərbaycan Milli Məclisinin deputatları Redaktor.az-a sözügedən tədbirlərin Azərbaycanın milli adət-ənənələrinin, mədəniyyətinin təbliği baxımından önəmindən danışdılar.
Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, türkmən və Azərbaycan xalqları eyni mədəniyyətdən, eyni etnik kökdən, eyni dil mədəniyyətindən gələn iki qardaş xalqdır.
"Sadəcə uzun müddət sürən coğrafi ayrılıq bu mədəniyyətlərin ortaq inkişafına müəyyən sərhədlər yaradıb, maneələr törədib. Son dövrlərdə Türkmənistan və Azərbaycan arasında inkişaf edən siyasi, diplomatik, iqtisadi əlaqələr mədəni əlaqələrin də yenidən bərpa olunmasını aktual edir. Çünki mədəni, humanitar əlaqələr siyasi, iqtisadi əlaqələrin alt komponentidir, bazisidir, sosial sementidir, onu möhkəmləndirən vasitədir. Ona görə də mən düşünürəm ki, Türkmənistanda və Azərbaycanda qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi mühüm bir tarixi hadisəyə çevriləcək".
O vurğuladı ki, əslində, cəmisi 200 il bundan əvvəl türkmən və Azərbaycan mədəniyyətini fərqləndirmək belə mümkün deyildi:
"Bizim üçün Aşıq Ələsgər nə idisə, Məhdumqulu Fəraqi də o idi. Yaxud türkmənlər üçün Məhdumqulu Fəraqi nə idisə, Aşıq Ələsgər o idi. Türkmənistan əhalisinin əsasını təşkil edən təkə türkmənlər bu gün Azərbaycanda da geniş yayılmış tayfalardır. Koroğlu dastandakı Eyvaz da, Eyvazın mənsub olduğu türk boyu da təkə türkmənlər elədir. Yəni ortaq dəyərlərimiz o qədər dərin, o qədər canlıdır ki, biz kiçik bir təkanla yenidən bu dəyərləri bərpa edib ortaq mədəniyyətimizi daha da irəli götürə bilərik. Əlbəttə ki, bu, hər iki ölkənin liderlərinin, Azərbaycan Prezidentinin və Türkmənistan Xalq Məclisinin sədri, çox hörmətli Qurbanqulu Berdiməhəmmədovun səyləri nəticəsində mədəni əlaqələrimizin bərpa olunması xalqlarımız qarşısında tarixi xidmətdir".
Deputat Ceyhun Məmmədov isə bildirdi ki, belə tədbirlərin keçirilməsi çox önəmlidir.
"Əslində, əlaqələrin inkişafı üçün mədəniyyət ən önəmli məsələlərdən biridir. Mədəniyyət qədər xalqları, dövlətləri bir-birinə yaxınlaşdıran ikinci bir məsələ yoxdur. Bizim son vaxtlar əlaqələrimiz sürətlə inkişaf edib və əvvəlki dövrdə əlaqələrimiz o qədər də güclü deyildi. Amma bu çox vacib bir məsələdir. Türkmənistanın Prezidenti bir müddət bundan əvvəl Azərbaycanda səfərdə oldu. Bununla əlaqələrimiz çox sürətli bir formada yeni mərhələyə daxil oldu. Prezident Qarabağa getdi, Qarabağı ziyarət etdi. Sonrakı dövrdə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfər etdi. Türkmənistanda mühüm görüşlər və tədbirlər keçirildi".
Müsahibimiz qeyd etdi ki, bu gün iki qardaş ölkənin əlaqələrinin daha da inkişaf etdiyini və daha da irəli getdiyini görürük:
"Yəni bu əlaqələr bu gün tarixdə heç zaman olmadığı qədər inkişaf edir. Bu, bizə imkan verir ki, bizim əlaqələrimiz daha da güclənsin və daha da möhkəmlənsin. Bunlar olduqca vacib məsələlərdir. Burada təbii ki, iki ölkə liderinin də rolu, iki ölkə liderinin də fəaliyyəti, birgə addımları çox önəmlidir. Hesab edirik ki, mədəniyyət günlərinin keçirilməsi əlaqələrimizi daha da inkişaf etdirəcək".
Aytəkin TOFİQQIZI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.
