“Əgər övladınızı pozursa, baxmayın! - Nazirlikdən sərt AÇIQLAMA
“Artıq təxminən üç ildir ki, Mədəniyyət Nazirliyinə yeni rəhbərlik gəlib. Əlbəttə ki, tədricən heyətdə də dəyişikliklər baş verir”.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu son günlər müzakirəyə səbəb olun məsələlərlə bağlı jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib.
“Biz hər zaman Mədəniyyət Nazirliyi olaraq, bir tərəfdən irsə, digər tərəfdən isə eksperimentə, yeniliyə yol açmaq məsələsi ilə bağlı müzakirələr aparırıq”, - C.Səlimxanov bildirib.
Nazir müşavirinin sözlərinə görə, mədəniyyət xadimləri nazirliyə köhnə yanaşma ilə baxırlar:
“Həmin şəxslər elə bilirlər ki, nazir yalnız əvvəlki dövrlərin funksiyalarını icra etməlidir. Adi bir vətəndaş sosial şəbəkədə “Mədəniyyət naziri hara baxır? Niyə telekanallarda bayağı musiqi geniş yayılır?” yazsa, bu, başadüşüləndir. Amma bunu bir mədəniyyət xadimi soruşanda artıq qəbulolunan deyil”.
Səlimxanov həmçinin qeyd edib ki, Mədəniyyət Nazirliyinin konkret səlahiyyət çərçivəsi var və bəzi tənzimləmələr digər müvafiq qurumlar tərəfindən həyata keçirilir:
“Müxtəlif media platformalarının mövcud olduğu şəraitdə bütün problemləri yalnız nazirliyin üzərinə qoymaq doğru yanaşma deyil. Hər kəs əvvəlcə öz fəaliyyətinə məsuliyyətlə yanaşmalı və dəyişikliklərə özündən başlamalıdır. Məsələn, efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar”.













