"Türmədən çıxmış şəxslərin hekayələrinə əsaslanan serialların qurbanı olmamalıyıq"
"Türkiyənin çəkdiyi tarixi seriallar vasitəsilə insanlar ölkənin görməli yerlərini, tarixi abidələrini görür və nəticədə Türkiyəyə səfər edirlər. Bu proses seriallara olan marağı da artırır. Hesabatda qeyd olunur ki, yalnız tarixi seriallardan Türkiyə 6 milyard dollar gəlir əldə edib. Hər il Mədəniyyət Nazirliyi çəkilən seriallara 100 min dollar ayırır ki, bu layihələr vasitəsilə Türkiyənin tarixi və görməli yerləri təbliğ olunsun və turizm axınına təkan verilsin".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirdi.
O hesab edir ki, bizdə də mədəniyyət və turizmin birlikdə işlədiyi bu model tətbiq oluna bilər:
"Seriallarımız, verilişlərimiz və görməli yerlərimizin təqdimatı vasitəsilə turist axını artırıla bilər. Hazırda Azərbaycan televiziyalarında xəbərlər proqramı bitdikdən sonra gedən seriallar isə tarixi şəxsiyyətlərə və Azərbaycan yazıçılarının, şairlərinin əsərlərinə deyil, kiminsə şəxsi hekayələrinə əsaslanır. Uzunmüddətli seriyalı seriallar bu formada davam edir. Bu seriallarda dövlət orqanlarının nümayəndələri qeyri-etik formada və düzgün olmayan informasiya ilə təqdim olunur. Hüquq-mühafizə orqanları, həkimlər, müəllimlər və digər sahələr haqqında yanlış məlumatlar verilir. Mövcud sistemdə bu tip məlumatların seriallarda yayılması, gənc nəslin təbliğinə yönəldilməsi doğru deyil. Bu məsələlər ciddi şəkildə nəzərdən keçirilməlidir ki, gələcək nəsillər düzgün məlumat alsınlar.
Azərbaycanın güclü ədəbiyyatı və tarixi şəxsiyyətləri var. Keçmişdə belə fikir söylənirdi ki, inqilab və böyük vətən müharibəsi olmasaydı, sovet kinematoqrafiyası boş qalardı. O dövrdə bədii yaradıcılığa imkan məhdud idi. Lakin indi ölkəmizdə bədii yaradıcılıq üçün geniş imkanlar mövcuddur. Biz dinc dövrdə də, qalib gəlmiş tərəf kimi də, əsgərlərimizin qəhrəmanlığını təbliğ edən seriallara və filmlərə üstünlük verməliyik. Şəhid olan əsgərlərin valideynlərinin hisslərini, anaların oğlunun tabutuna girib apardıqları anları əks etdirən layihələrə diqqət yetirilməlidir. Biz türmədən çıxmış şəxslərin hekayələrinə əsaslanan serialların qurbanı olmamalıyıq. Bu məsələlərə ciddi yanaşılmalıdır”.
Nuriyyə NATİQQIZI













