Heydər Əliyevin 103 illiyinə həsr olunan möhtəşəm konsert proqramı keçirildi - FOTO
10 may tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib.
Redaktor.az xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edib. Orkestr Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin musiqi proqramı ilə dinləyicilərə yüksək səviyyəli sənət gecəsi yaşadıb.
Konsert proqramı Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım!” əsəri ilə başlayıb və salonda yüksək ruh və qürur hissi yaradıb. Ardınca Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals” parçaları, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fraqmentlər səsləndirilib.
Proqramda həmçinin Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi və Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri də ifa olunub. Milli musiqinin zəngin ruhunu əks etdirən bu əsərlər tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Tədbir boyu Ümummilli Liderin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Konsert dahi şəxsiyyətin xatirəsinə ehtiramın və milli-mənəvi dəyərlərə sadiqliyin bədii ifadəsi kimi dəyərləndirilib.
























