“Bir əsr əvvəl Bakıda əsası qoyulan türkoloji həmrəylik bu gün yeni mərhələyə qədəm qoyur” - Jalə Əliyeva
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” türk dünyasının elmi və mədəni inteqrasiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Bu fikirləri Redaktor.az-a millət vəkili Jalə Əliyeva bildirib.
Deputat qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının dili, tarixi, ədəbiyyatı və mədəniyyəti sahəsində elmi əməkdaşlığın əsasını qoyan ən mühüm hadisələrdən biri olub:
“Bir əsr sonra həmin ənənənin yenidən Bakıda davam etdirilməsi Azərbaycanın türk dünyasının intellektual mərkəzlərindən biri kimi mövqeyini bir daha təsdiqləyir. Bu, sadəcə tarixi yubiley tədbiri deyil, ortaq elmi, mədəni və mənəvi irsin gələcəyinə hesablanmış strateji təşəbbüsdür”, – deyə millət vəkili vurğulayıb.
Jalə Əliyevanın sözlərinə görə, “Türk Dünyası Həftəsi”nin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil:
“Azərbaycan son illər türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfələr verir. Bakı artıq təkcə regional siyasi dialoq məkanı deyil, həm də ortaq elm, təhsil və mədəniyyət layihələrinin formalaşdığı beynəlxalq mərkəzə çevrilir. Bu baxımdan keçirilən tədbir Türk Dövlətləri arasında humanitar inteqrasiyanı daha da gücləndirəcək”, – deyə o bildirib.
Deputat xatırladıb ki, Birinci Türkoloji Qurultayın əsas məqsədi türk xalqlarını ortaq elmi düşüncə ətrafında birləşdirmək idi. Onun fikrincə, bu gün həmin ideyalar daha müasir məzmunda davam etdirilir.
“Artıq söhbət yalnız dilçilik, tarix və folklordan getmir. Rəqəmsal humanitar elmlər, ortaq elmi layihələr, universitetlərarası əməkdaşlıq, gənc tədqiqatçıların əlaqələrinin genişləndirilməsi və ortaq mədəni irsin qorunması istiqamətində yeni imkanlar yaranır. Bu isə tədbirin gələcəyə hesablanmış strateji əhəmiyyətini göstərir”, – deyə Jalə Əliyeva qeyd edib.
Millət vəkili hesab edir ki, “Türk Dünyası Həftəsi” türk dünyasının yumşaq güc potensialının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
“Qloballaşan dünyada xalqları bir-birinə yaxınlaşdıran əsas amillər ortaq mədəniyyət, elm və təhsil əlaqələridir. Bu tədbir ortaq kimliyin möhkəmlənməsinə, qarşılıqlı etimadın güclənməsinə və gələcək nəsillərin ortaq tarixi irsi daha dərindən mənimsəməsinə xidmət edir”, – deyə deputat vurğulayıb.
Jalə Əliyeva bildirib ki, tədbir çərçivəsində keçirilən beynəlxalq konfranslar, elmi müzakirələr, sərgilər və mədəni layihələr müxtəlif ölkələrdən alimləri və ziyalıları bir araya gətirərək türk dünyasının intellektual potensialının birləşdirilməsinə xidmət edir.
Deputatın sözlərinə görə, Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı tədbirlərin gələcəkdə UNESCO-nun Paris qərargahında keçirilməsinin planlaşdırılması da bu irsin artıq ümumbəşəri mədəni dəyər kimi qəbul olunduğunu göstərir.
“Bir əsr əvvəl Bakıda əsası qoyulan türkoloji həmrəylik ideyası bu gün yeni məzmun qazanaraq elm, təhsil, mədəniyyət və strateji tərəfdaşlıq sahələrində Türk dünyasının birliyini daha da möhkəmləndirən mühüm platformaya çevrilir”, – deyə Jalə Əliyeva fikirlərini yekunlaşdırıb.
Xədicə BAXIŞLI













