"Şanlıurfa iki gün ərzində şəhər meydanında 10-dan çox stendlə təmsil olunacaq" - Rəna Nəsirova-Mustafayeva
"Bu tədbir Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən mədəniyyət günlərinin bir hissəsidir və bir neçə istiqaməti əhatə edən geniş proqramdan ibarətdir. Bu cür tədbirlər xalqlarımızın tarixini, mədəniyyətini və köklərini yaşatmaq, onları daha geniş ictimaiyyətə tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır".
Redaktor.az xəbər verir ki, bu sözləri “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarə Heyətinin sədr müavini Rəna Nəsirova-Mustafayeva "Tarixin Qəlbi Xəzərin Sahilində: Şanlıurfa Mədəniyyət Günləri" çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hər bir xalq öz tarixini və milli-mənəvi dəyərlərini yaşadan zəngin mədəniyyətə malikdir:
"Məhz bu səbəbdən mədəniyyət günlərinin keçirilməsi xalqlarımızı bir araya gətirmək, ortaq dəyərlərimizi nümayiş etdirmək və qarşılıqlı əlaqələri daha da gücləndirmək baxımından olduqca önəmlidir. Bu gün saat 18:00-dan etibarən hər kəs üçün açıq olan konsert proqramı təşkil olunacaq. Konsert mədəniyyətimizi, musiqimizi və ortaq dəyərlərimizi bir araya gətirən gözəl bir tədbir olacaq. Daha sonra isə aşağı mərtəbədə Şanlıurfa mədəniyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət sərgi keçiriləcək. Hər birinizi həmin sərgiyə dəvət edirik".
Tədbirin proqramı haqqında ətraflı məlumat verən spiker Şanlıurfanın şəhər meydanında geniş tərkibdə təmsil olunacağını vurğulayıb:
"Şanlıurfa iki gün ərzində şəhər meydanında 10-dan çox stendlə təmsil olunacaq. Həmin stendlərdə şəhərin müxtəlif sahələr üzrə zəngin mədəniyyəti və dəyərləri nümayiş etdiriləcək. Burada həm muzey eksponatları, həm də uşaqlar üçün maraqlı və əyləncəli fəaliyyətlər təşkil olunacaq. Tədbirlər bununla bitməyəcək, müxtəlif proqramlar çərçivəsində davam etdiriləcək. Ümid edirəm ki, bu festival həqiqətən də çox gözəl ab-hava yaradacaq, xalqlarımızı və mədəniyyətlərimizi daha da yaxınlaşdıracaq".
Xədicə BAXIŞLI













