“Urfa tarixin başlanğıc nöqtəsidir, dünyanın diqqəti buradadır” - Mehmet Kasım Gülpınar

 11:52 05.09.2026     359

"Biz də belə bir proqramı həyata keçirməyə başlamışıq və bu təşəbbüsə çox müsbət yanaşırıq. Sərgidə dahi avstriyalı sənətçinin yaradıcılıq nümunələri təqdim olunacaq. Bənzər sərgini Vyanada da təşkil etmişdik və böyük maraqla qarşılanmışdı".

Redaktor.az xəbər verir ki, bu sözləri Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar "Tarixin Qəlbi Xəzərin Sahilində: Şanlıurfa Mədəniyyət Günləri" çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O, iki ölkə arasındakı mədəni əlaqələrin vacibliyini və Şanlıurfanın dünya irsindəki yerini xüsusi vurğulayıb:

"Əlaqələri daha da möhkəmləndirmək, əməkdaşlığı davamlı etmək və xüsusilə azərbaycanlı dostlarımızın Şanlıurfaya gəlməsi bizim üçün çox önəmlidir. Urfa tarixin başlanğıc nöqtəsi hesab olunan Göbeklitəpə, Karahantəpə və ümumilikdə 12 ayrı təpəyə ev sahibliyi edən bir şəhərdir. Hazırda dünyanın diqqəti buradadır. Məsələn, Yaponiya şahzadəsi şəxsən gələrək Ayantəpədəki arxeoloji qazıntılara dəstək verib. Çin mədəniyyət nazirinin müavini Harbetsuvan ərazisindəki araşdırmalarla tanış olub və digər təpədəki işlərə sponsorluq etmələri nəzərdə tutulub. Alman arxeoloqları və digər ölkələrin aparıcı mütəxəssisləri də Urfaya böyük maraq göstərirlər".

M.K.Gülpınar Şanlıurfanın beynəlxalq mədəniyyət statusuna və gözlənilən böyük tədbirə də toxunub:

"Şanlıurfa eyni zamanda UNESCO-nun Dünya Musiqi Şəhəri tituluna sahibdir. Oktyabrın 11–15-də Dünya Musiqi Şəhərlərinin toplantısı Şanlıurfada keçiriləcək. Dünyanın müxtəlif yerlərindən bu ada layiq görülmüş şəhərlərin nümayəndələri bir araya gələcəklər. Mətbəximizdə, musiqimizdə, dilimizdə çoxlu ortaq cəhətlər var. Burada saf türk dilinin gözəlliyini qoruyub saxlayan sözlərlə qarşılaşdıq ki, bu da bizə yerli ləhcəmizi xatırlatdı".

Bələdiyyə sədri Azərbaycanla bağlı xatirələrini və gələcək gözləntilərini də bölüşüb:

"Azərbaycanla tanışlığım daha əvvələ gedib çıxır. Deputat olduğum dövrdə Avropa Şurasında hazırkı parlament sədriniz və digər dəyərli həmkarlarımızla uzun illər birgə çalışmışıq. Bu gün burada gördüyümüz yüksək qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, proqram çox gözəl keçəcək və ən qısa zamanda sizləri də Şanlıurfada görməkdən məmnun olarıq".

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən