Bu incəsənət və əntiq əşyalar Azərbaycana gətirilərkən ƏDV tutulmayacaq - QƏRAR

 10:41 09.09.2026     258

Azərbaycana idxal olunan bir sıra incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyalar əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Qərarla Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı ƏDV-dən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların siyahısı təsdiqlənib.

Siyahıya aşağıdakı əşyalar daxil edilib:

  • Tamamilə əllə çəkilmiş şəkillər, rəsmlər və pastellər, həmçinin kolajlar, mozaikalar və analoji dekorativ təsvirlər;
  • Qravürlərin, estampların və litoqrafiyaların orijinalları;
  • İstənilən materialdan hazırlanmış heykəllərin və heykəlciklərin orijinalları;
  • İstifadə olunmuş və ya olunmamış poçt markaları, dövlət rüsumu markaları, poçt ödəniş nişanları və analoji əşyalar;
  • Arxeologiya, etnoqrafiya, tarix, zoologiya, botanika, mineralogiya, anatomiya, paleontologiya və ya numizmatika üzrə kolleksiya əşyaları;
  • Yaşı 100 ildən yuxarı olan əntiq əşyalar.

Qeyd olunan malların idxal zamanı ƏDV-dən azad edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi tələb olunacaq.

Qərarın mühüm məqamlarından biri də onun 2026-cı il yanvarın 1-dən tətbiq edilməsidir. Yəni müəyyən edilmiş siyahıya daxil olan mallar üzrə güzəşt ilin əvvəlindən qüvvədə olacaq.

Qərar 8 sentyabr 2026-cı il tarixində imzalanıb.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən