“Mehmed: Fetihler Sultanı”nda Azərbaycan mahnısı – Şəmistan Əlizamanlıdan AÇIQLAMA

 15:59 17.09.2026     159

Son zamanlar türk tarixini və vətənpərvərlik mövzularını əks etdirən film və seriallarda Azərbaycan mahnılarına da yer verilir. Xüsusilə Azərbaycan hərbi və vətənpərvərlik mövzusunda olan mahnıların qardaş ölkənin ekran əsərlərində səsləndirilməsi diqqət çəkir. Şəmistan Əlizamanlının ifaları da bir sıra türk film və seriallarında istifadə olunub.

Srağagün isə “Mehmed: Fetihler Sultanı” serialının yeni bölümü yayımlanıb. Bölümdə azərbaycanlı reper Payam Türkün “Mənəm Türk” rep mahnısından da istifadə olunub.

Azərbaycan mahnılarının önəmli film və seriallarda səsləndirilməsi, eyni zamanda öz ifalarını qardaş ölkənin ekran əsərlərində eşitmək sənətçidə hansı təəssürat və hisslər yaradır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycanın tanınmış hərbi-vətənpərvərlik mahnıları ifaçısı və diktoru Şəmistan Əlizamanlı bildirdi ki, yaradıcı insan üçün ifalarının başqa bir ölkədə, xüsusilə Türkiyə kimi böyük bir dövlətdə ərsəyə gətirilən filmlərdə səsləndirilməsi böyük uğurdur:

“Bu, Azərbaycan mədəniyyətinin və incəsənətinin uğurudur. Həmçinin mənim üçün də, təbii ki, çox xoş təəssürat yaradır. 2019-cu ildə “Diriliş Ərtoğrul” serialının dörd bölümündə çəkildim və dörd mahnı ifa etdim. Həmin mahnıların dördünün də musiqisi mənə aid idi. Əlbəttə, bu, Türkiyə üçün də bir yenilik idi. Azərbaycanlı sənətçinin belə bir filmdə rol alması xüsusi hadisə idi.

İndi isə “Mehmed: Fetihler Sultanı” serialında mahnılarım səslənib. Bu da tarixi bir əsərdir. Bilirsiniz, bütün dünya türk filmlərini, xüsusilə də tarixi filmləri izləyir. Çünki böyük bir Osmanlı imperiyası olub və onun tarixi çox zəngindir. Bu filmdə də mənim “Zafer Bismillah” mahnım səslənib. Daha sonra “Salam Dar Ağacı” mahnısı da mənim ifamda səsləndirilib”.

Müsahibimiz əlavə etdi ki, son olaraq “Asırlık Gecə” filmində də onun ifalarına yer verilib:

“Bilirsiniz, 15 iyulda dövlət çevrilişinə cəhd oldu və həmin hadisələr zamanı xeyli insan dünyasını dəyişdi. Şükürlər olsun ki, bu çevriliş baş tutmadı. Həmin hadisələrə həsr olunmuş bədii-sənədli film 15 bölümdən ibarət yayımlandı. Bu filmin üç bölümündə mənim ifamda mahnılar səsləndi. Bir bölümdə “Zafer Bismillah”, iki bölümdə isə ayrı-ayrılıqda “Salam Dar Ağacı” mahnısı yer aldı.

Bu, mənim üçün, əlbəttə, xoş təəssüratdır. Bir sənət adamı kimi böyük uğurdur. Mənim ifa etdiyim bəzi mahnılar Türkiyədə çox məşhurdur. Zaman-zaman Türkiyədə müxtəlif tədbirlərdə və konsertlərdə iştirak edirəm. İnşallah, düşünürəm ki, bundan sonra yaradıcılığım Türkiyədə daha da inkişaf edəcək”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən