“Üzeyir Hacıbəyli Azərbaycan musiqi irsində silinməz iz qoyub” - Adil Kərimli
Bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-cı ildönümüdür. Bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb.
Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabr Azərbaycan mədəniyyətinin ən əlamətdar günlərindən biridir. Bu tarix dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü kimi əlamətdardır.
Nazir qeyd edib ki, Milli Musiqi Günü ilə bağlı keçirilən tədbirlər Üzeyir Hacıbəylinin zəngin irsinə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir. Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan tədbirlər Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən mədəniyyətimizin baş tacı olan Şuşada, Laçında və digər ərazilərdə keçirilir. Ölkənin bütün əsas şəhərlərində fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarında da dahi bəstəkarın yaradıcılığına həsr olunmuş silsilə tədbirlər təşkil ediləcək.
Nazir diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi irsində silinməz iz qoyub. Onun zəngin yaradıcılığı milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamaqla yanaşı, Azərbaycan musiqisinin dünya səhnəsində tanıdılmasına və təbliğinə də böyük töhfə verib.
“Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəylinin xatirəsini hər birimiz dərin hörmət və ehtiramla yad edirik. 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sərəncam imzalamışdı. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə keçirildi”, - deyə o qeyd edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolundan bəhs edib. O, dahi bəstəkarın yaradıcılığının milli musiqi sənətimizin formalaşmasında mühüm mərhələ təşkil etdiyini vurğulayıb. Bildirib ki, Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan musiqisinin zənginliyini və özünəməxsusluğunu nümayiş etdirir. Firəngiz Əlizadə bəstəkarın yaradıcılıq irsinin bu gün də aktuallığını qoruduğunu və yeni nəsillər üçün mühüm sənət məktəbi olduğunu söyləyib.
Digər çıxış edən natiqlər də bildiriblər ki, Üzeyir Hacıbəylinin zəngin musiqi irsi Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Onun yaradıcılığı milli musiqimizin inkişafına böyük təsir göstərib, Azərbaycan professional musiqi məktəbinin formalaşmasında mühüm rol oynayıb. Qeyd olunub ki, dahi bəstəkarın əsərləri bu gün də böyük maraqla ifa olunur və sevilərək dinlənilir. Üzeyir Hacıbəylinin yaradıcılıq irsi Azərbaycan musiqisinin dünyada tanıdılmasına və təbliğinə də mühüm töhfələr verib.
Çıxışlarda bəstəkarın zəngin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Sonra mərasim iştirakçıları Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.













