“Populyarlıq çox zaman peşəkarlığın önünə keçir” - Sənətşünasdan musiqimizlə bağlı narahatlıq
18 sentyabr Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü olmaqla yanaşı, ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan musiqisinin keçdiyi zəngin yolu, milli bəstəkarlıq məktəbini və musiqi irsimizin gələcəyini bir daha gündəmə gətirir.
Bəs zəngin musiqi ənənələrinə malik Azərbaycan musiqisi bu gün hansı vəziyyətdədir? Klassik musiqiyə və milli bəstəkarların yaradıcılığına gənclərin marağını artırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva Azərbaycan musiqisinin mövcud vəziyyəti, qarşıda duran problemlər və klassik musiqinin gənclər arasında təbliği yolları barədə fikirlərini bölüşdü.
Onun sözlərinə görə, bir tərəfdən, peşəkar musiqi ənənələrimiz, zəngin bəstəkarlıq məktəbimiz və istedadlı gənc ifaçılarımız var:
"Digər tərəfdən isə, xüsusilə kütləvi informasiya və sosial media mühitində keyfiyyətli musiqi ilə kommersiya yönümlü, bəzən də bədii baxımdan zəif nümunələr arasında ciddi fərq yaranır. Təəssüf ki, populyarlıq çox zaman peşəkarlıq və bədii dəyərin önünə keçir və istedad, savad bir qədər kölgədə qalır".
Musiqişünas hesab edir ki, Azərbaycan bəstəkarlarının yaradıcılığının geniş auditoriyaya çatdırılması, yeni əsərlərin təbliği və klassik musiqiyə marağın artırılması istiqamətində hələ görülməli işlər çoxdur:
"Əsas vəzifələrdən biri milli musiqi irsimizi qorumaqla yanaşı, onu müasir dinləyiciyə düzgün və müasir təqdimat vasitələri ilə çatdırmaqdır. İlk növbədə klassik musiqini gənclərə yalnız ənənəvi formada təqdim etməklə yanaşı müasir təqdimat üsullarından – sosial şəbəkələrdən, rəqəmsal platformalardan, qısa videolardan və maraqlı multimedia layihələrindən daha fəal istifadə olunmalıdır çünki bunu müasirlik tələb edir. Azərbaycan bəstəkarlarının əsərləri yalnız konsert salonlarında deyil, gənclərin gündəlik istifadə etdiyi platformalarda da səsləndirilməlidir. Eyni zamanda musiqi məktəblərində və ali təhsil müəssisələrində maarifləndirici görüşlər, açıq dərslər və interaktiv layihələr daha da artırılmalıdır. Ən əsası isə klassik musiqini gənclərə “köhnəlmiş” bir sənət kimi deyil, milli mədəniyyətimizin canlı və müasir bir hissəsi kimi təqdim etməkdir".
Aytən Baxşiyeva gənclərə tövsiyə edir ki, musiqi zövqlərinə biganə yanaşmasınlar, onu qorusunlar və inkişaf etdirsinlər.
"Professional səviyyəli, yüksək bədii dəyərə malik əsərlərə üstünlük verin, keyfiyyətsiz və zəif musiqi nümunələrindən mümkün qədər uzaq olun. Çünki insanın dinlədiyi musiqi zamanla onun zövqünü və dünyagörüşünü formalaşdırır. Təbii ki, yaxşı musiqini tanıdıqca, zəif musiqini də seçmək daha asan olur".
Xədicə BAXIŞLI













