Milli Konservatoriyada Musiqi Günü qeyd olundu - FOTO
18 sentyabr – Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasının qarşısında açıq havada tədbir təşkil olunub.
Redaktor.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət xadimləri, təhsil ocağının kollektivi iştirak edib.
Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə çıxış edərək Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Musiqi mədəniyyətimizin inkişafında Üzeyir Hacıbəylinin müstəsna xidmətlər göstərdiyini deyən rektor bəstəkarın ölkəmizdə ali musiqi təhsilinin də təməlini qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Üzeyir bəyin zəngin yaradıcılıq mirası Azərbaycan xalqının milli kimliyinin rəmzidir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli çıxışında bu gün dünya şöhrəti qazanan musiqi mədəniyyətimizə görə Üzeyir Hacıbəyli məktəbinə borclu olduqlarını deyib.
Daha sonra Milli Konservatoriyanın tələbələrinin iştirakı ilə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin (1885-1937) əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Sonda mədəniyyət naziri Adil Kərimli təhsil ocağının bütün kollektivini musiqi bayramı münasibətilə təbrik edib, uğurlu çıxışlarına ifaçılara təşəkkürünü bildirib.
Üzeyir bəyin adını daşıyan təhsil ocağında bayram konserti
Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının (BMA) qarşısında, dahi bəstəkarın heykəlinin ətrafında konsert keçirilib.
Təhsil ocağının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin əlamətdar gün münasibətilə təbrikindən sonra Ümummilli Lider Heydər Əliyevin Üzeyir Hacıbəyli haqqında fikirlərinin yer aldığı səs yazısı təqdim olunub.
Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin sənət inciləri səsləndirilib.
Hər üç kollektivin şövqlü ifası dahi bəstəkara minnətdarlıq və sonsuz ehtiramın ifadəsi kimi qəbul olunub.
Konserti mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, mədəniyyət xadimləri və BMA-nın kollektivi izləyib.
Qeyd edək ki, bu gün axşam saat 18:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Sənətsevərlər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor: Əməkdar artist Fuad İbrahimov) konsertini izləyəcəklər. Musiqi axşamının solistləri Sandor Laszlo (violin, Macarıstan), Nicat Salmanov (fleyta) və Alim Sadıxov (qoboy) Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirəcəklər.
Saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunacaq.

























