Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - YENİLƏNİB
I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb.
Redaktor.az xəbər verir ki, Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers (TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib.
Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi Bakı Bəyənnaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub.
***
I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması elan olunacaq.
Redaktor.az-ın məlumatına görə, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsi imzalanacaq.
Qeyd edək ki, I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir.
Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunan qurultayda türk dövlətlərinin bəstəkar təşkilatlarının rəhbərləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media nümayəndələri iştirak edirlər.













