Xankəndi Şəhəri Günü çərçivəsində Türk dünyası qadın rəssamlarının sərgisi təşkil olundu - FOTO
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
Redaktor.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi Şəhəri Günü çərçivəsində Türk dünyası qadın rəssamlarının əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Xankəndi Mədəniyyət Mərkəzində təşkil olunan sərginin açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev layihənin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, layihə türk xalqları arasında mədəni körpüləri möhkəmləndirmək, qadın rəssamların yaradıcı dünyasını tanıtmaq və şanlı Zəfərdən sonra dirçələn Qarabağın zəngin mədəni həyatını dünyaya nümayiş etdirmək məqsədi daşıyır.
Məlumat verilib ki, bundan əvvəl Bişkek (Qırğızıstan), Daşkənd (Özbəkistan) və Mərmərədə (Türkiyə) uğurla reallaşan bu silsilə layihə sayca 4-cüdür və bu dəfə Türk dünyasının mədəniyyət beşikləri olan Şuşa və Xankəndi şəhərlərinin ev sahibliyi ilə gerçəkləşib.
Layihə çərçivəsində Türk dünyasının 15 istedadlı qadın rəssamı 5 gün ərzində Şuşa və Xankəndi şəhərlərində olub, bu torpaqların zəngin tarixi və mədəniyyəti ilə tanış olublar. Sərgilənən hər bir əsər Qarabağın bərpa olunan mənəvi ruhunu və füsunkar gözəlliyini əks etdirir.
Nümayiş olunan rəsmlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.






















