“İnsan ya yazıçıdır, ya da yazıçı deyil” - Nazir müşavirindən diqqətçəkən fikir
“Yaddaş olmadığı anda, yaddaş olmadığı zaman nə millət təşkilatlanır, nə dövlət güclənir. Bu, çox mühüm məsələdir”.
Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirdi.
“O ənənə üzərində yeni təşkilatlanmanı, yeni ədəbiyyat güclərini formalaşdırmaq, düzgün yanaşmaq lazımdır. Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin vəzifəsidir. Bu zəmində festivalların, kitab sərgilərinin, yarmarkaların təşkili mühüm addımdır.
Düşünürəm ki, Frankfurtda Azərbaycan ədəbiyyatının təqdimatı haqqında Vüsal müəllim geniş danışacaq, Bakıda keçiriləcək tədbir haqqında da danışılacaq. Mən sadəcə bu məsələnin mahiyyətinə, fəlsəfəsinə, siyasətinə toxunmaq istəyirəm.
Biz, əlbəttə ki, öz ədəbiyyatımızı dünyada təbliğ edirik və edəcəyik. Biz, əlbəttə ki, dünyada baş verən ədəbi prosesləri tərcümə vasitəsilə Azərbaycana gətirəcəyik. Gətirmişik də, gətirəcəyik də. Bundan sonra, düşünürəm ki, daha intensiv gətirəcəyik.
Amma məsələ daha çox bizim yazarların və bizim ədəbi nümunələrin hansı qaynaqdan, hansı kökdən formalaşması məsələsidir. Tutaq ki, dünyada hər hansı bir trend var və hamı, tutaq ki, insanın keçmiş hisslərini yazıb. Bu, bugün böyük ədəbiyyat nümunəsi olaraq Azərbaycan gerçəkliyində təkrarlanmalıdırmı? Təbii ki, deyil. Yenidən işlənməlidirmi? Təbii ki, işlənməlidir.
Bu prosesi bizmi idarə edirik? Ola bilsin ki, müəyyən mənada biz idarə edirik, amma bu, daha çox metafizik məsələdir. Yəni insan ya istedadlıdır, ya da istedadsızdır. İnsan ya yazıçıdır, ya da yazıçı deyil. İnsan ya şairdir, ya da şair deyil”.
Aytəkin TOFİQQIZI












